Sümük iliyi donorluğu donorun sağlamlığına zərər verməyəcək şəkildə müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Bu proses uyğun donordan sümük iliyinin cərrahi yolla, bəzi hallarda isə periferik qandan hematopoetik kök hüceyrələrin xüsusi aparat vasitəsilə toplanması ilə həyata keçirilir. Donorluq könüllülük prinsipi əsasında icra olunur. Pasiyent transplantasiyaya hazırlıq mərhələsinə başladıqdan, xüsusilə transplantasiyadan təxminən 7–10 gün əvvəl donorun donorluqdan imtina etməsi yolverilməzdir. Çünki bu mərhələdə donorun imtinası pasiyentin həyatı üçün ciddi təhlükə yarada bilər. Buna görə də donor olmaq qərarı əvvəlcədən, bütün məsuliyyətlər nəzərə alınmaqla və düşünülərək verilməlidir. Donorluqdan sonra yüngül halsızlıq və iynənin daxil edildiyi nahiyədə – qalça sümüyünün darağında ağrı hissi yarana bilər. Lakin bu hallar, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır.
NTV xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva bildirib.
O deyib ki, sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur. Talassemiya, leykoz, aplastik anemiya, limfoma və çoxsaylı miyeloma kimi xəstəlikləri buna nümunə göstərmək olar: “Transplantasiya, adətən, sümük iliyinin və hematopoetik sistemin xəstəlik nəticəsində zədələndiyi və ya kök hüceyrələrin genetik sağlam olmadığı hallarda mühüm müalicə üsuludur. Sümük iliyindən və ya periferik qandan əldə edilən hematopoetik kök hüceyrələrin transplantasiyası xəstə və ya genetik zədələnmiş hüceyrələrin sağlam kök hüceyrələrlə əvəz olunmasına imkan verir. Bu üsul bir sıra ağır qan xəstəlikləri zamanı həyat qurtaran müalicə vasitəsi ola bilər. Qan, orqan və toxuma donorluğunun hər biri tibbi baxımdan böyük əhəmiyyət daşıyır və bir çox hallarda insan həyatının xilas edilməsinə imkan verir. Qan donorluğu talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər, qəza nəticəsində ciddi qan itkisi yaşayan şəxslər, eləcə də müxtəlif cərrahi əməliyyatlar keçirən xəstələr üçün vacibdir. Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqanların donorluğu orqan çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsində mühüm rol oynayır. Buynuz qişa, sümük və dəri kimi toxumaların donorluğu isə yanıqlar, xəsarətlər və digər xəstəliklər nəticəsində zədələnmiş funksiyaların bərpasına kömək edə bilər”.
Nərgiz Əliyevanın sözlərinə görə, donorun sümük iliyi bağışladıqdan sonra sağlamlığına ciddi zərər dəyəcəyinə dair cəmiyyətdə yanlış fikirlər mövcuddur:“Məhz bu kimi yanlış təsəvvürlər bəzi insanların donor olmaqdan çəkinməsinə səbəb olur.Sümük iliyi donorluğu donorun təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir. Donorlar prosedurdan əvvəl və sonra xüsusi tibbi müayinələrdən keçirilirlər. Sümük iliyi və ya periferik hematopoetik kök hüceyrələrin toplanmasından əvvəl donorun ümumi sağlamlıq vəziyyəti, qan göstəriciləri və digər tibbi parametrləri ətraflı qiymətləndirilir. Sümük iliyinin toplanması əməliyyat otağında, xüsusi iynələr vasitəsilə qalça sümüyündən həyata keçirilir. Prosedur ümumi anesteziya altında aparıldığı üçün donor əməliyyat zamanı ağrı hiss etmir. Toplanan sümük iliyi isə qısa müddət ərzində bərpa olunur. Sümük iliyi donoru olmaq üçün yaşla bağlı meyarlar da nəzərə alınır. Məsələn, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tətbiq etdiyi yanaşmaya əsasən, 2 yaşdan kiçik və 60 yaşdan yuxarı şəxslər sümük iliyi donoru kimi uyğun hesab edilmirlər”.
