Türk İnvestisiya Fondu (TİF) “Bank of America” (BofA) tərəfindən təşkil olunmuş 670 milyon dollar məbləğində maliyyələşdirmə çərçivəsində 20 milyon dollaradək vəsait ayıraraq Mərkəzi Asiyanın ən böyük hava limanının modernləşdirilməsinə dəstək verib. Belə ki, TİF Qazaxıstandakı Almatı Beynəlxalq Hava Limanının beynəlxalq maliyyələşdirilməsinə qoşulub.
NTV xəbər verir ki, bu barədə Türk İnvestisiya Fondu məlumat yayıb.
Məlumata görə, TİF-in ayırdığı maliyyə vəsaiti “Bank of America” (BofA) tərəfindən təşkil edilmiş maliyyələşdirmə çərçivəsində hava limanının investisiya proqramını, uçuş zolaqları və aerodrom infrastrukturunun inkişafını, yükdaşıma imkanlarının genişləndirilməsini, əməliyyat dayanıqlığının və ekoloji göstəricilərinin yaxşılaşdırılmasını dəstəkləyəcək.
Mərkəzi Asiyanın ən böyük hava limanı olan Almatı Beynəlxalq Hava Limanı regionu qlobal bazarlarla birləşdirən mühüm nəqliyyat qovşağıdır. Hava limanı Qazaxıstanın hava yükdaşımalarının təxminən üçdə ikisini həyata keçirir və Air Astana aviaşirkətinin əsas bazasıdır. Çin ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşən hava limanı regional ticarətin inkişafı, təchizat zəncirlərinin möhkəmləndirilməsi və Avrasiya boyunca nəqliyyat əlaqələrinin gücləndirilməsində strateji rol oynayır.
Hazırda ildə 11 milyondan çox sərnişinə xidmət göstərən hava limanının həyata keçirilən investisiya proqramı nəticəsində sərnişin və yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
