“UI GreenMetric World University Rankings” tərəfindən 2026-cı il üzrə dünya universitetlərinin dayanıqlılıq reytinqinin nəticələri açıqlanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, builki sıralamada Azərbaycan ali təhsil müəssisələrinin sayı ötən illə müqayisədə 19-dan 22-yə yüksəlib. Reytinqin TOP 500-lüyündə yer alan Azərbaycan universitetlərinin sayı isə 1-dən 5-ə çatıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı, Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb.
Ümumilikdə Azərbaycanın 16 ali təhsil müəssisəsi ötən illə müqayisədə reytinqdəki mövqeyini yaxşılaşdırıb.
Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyası isə bu il ilk dəfə “UI GreenMetric World University Rankings” reytinqində təmsil olunub.
Qeyd olunub ki, “UI GreenMetric World University Rankings” universitetləri dayanıqlı inkişaf, infrastruktur, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su ehtiyatlarından istifadə, nəqliyyat və təhsil istiqamətləri üzrə qiymətləndirir.
