satellite   Azerspace-1: 11135 H 30000

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

Mineral resurs bazasının artırılması məqsədilə “AzerGold” QSC tərəfindən indiyədək genişmiqyaslı işlər həyata keçirilib.

NTV xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov brifinqdə deyib.

Z.İbrahimov bildirib ki, hazırda ilkin axtarış və qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazini əhatə edən geoloji tədqiqatlar davam etdirilir. Onun sözlərinə görə, tədqiqatların 2027-ci ildə tamamlanması planlaşdırılır.

“Bu işlərin nəticəsində, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkəmizin mineral resurs potensialının xəritələndirilməsi həyata keçiriləcək”, – deyə İdarə Heyətinin sədri qeyd edib.

O bildirib ki, hazırda axtarış və qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi mövcuddur. Həmin sahələr üzrə resursların qiymətləndirilməsi davam edir və prosesin 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Z.İbrahimovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının ərazisində Birləşmiş Ərəb Əmirliklərinin “International Resources Holding” şirkəti ilə daha əvvəl imzalanmış müqavilə çərçivəsində yaradılması nəzərdə tutulan birgə müəssisə tərəfindən ilkin axtarış və qiymətləndirmə işlərinə hazırlıq intensiv şəkildə aparılır.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri qeyd edib ki, ilkin kəşfiyyat mərhələsində şirkətin portfelində 5 yataq mövcuddur və həmin yataqlar üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

O bildirib ki, Naxçıvanda yerləşən Göydağ və Başkənd, eləcə də Balakəndə yerləşən Mazımçay mis yataqları üzrə müvafiq olaraq təxminən 375 min, 289 min və 849 min GEO ilkin resurs müəyyən edilib. Bu üç yataq üzrə ümumi ilkin resursun həcmi təxminən 1,5 milyon GEO təşkil edir. Hazırda Naxçıvanda yerləşən Nəsirvaz polimetal və Kəlbəcərdə yerləşən Tutxun qızıl yataqları üzrə də ehtiyatların hesablanması davam etdirilir”.

Z.İbrahimov əlavə edib ki, həyata keçirilən geoloji tədqiqatlar və kəşfiyyat işləri ölkənin mineral-xammal bazasının genişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və gələcək hasilat potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM