Oktyabrın 27-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin edilib.
Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 7 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 15 qumbara və 5 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər də saxlanılıb.
