Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb.
Azərbaycan Güləş Federasiyasından NTV-yə verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı ölkəmizə təşrif buyuracaq.
Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq.
27 iyul – 2 avqust tarixlərində keçiriləcək dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə qələbə uğrunda mübarizə aparacaqlar. Yarışın yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.
