Ümumi təhsil müəssisələrinin məzunlarının sayı 2025-ci ildə artıb.
NTV xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində 2025-ci ildə dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayının əvvəlki illə müqayisədə artdığı qeyd olunub.
Statistik məlumata görə, 2025-ci ildə ümumi orta təhsil səviyyəsini (9-cu sinif) bitirən şagirdlərin sayı 157 min nəfər olub. Onların 55,7 min nəfəri kənd yerlərindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır.
Tam orta təhsil səviyyəsini bitirənlərin sayı isə 111,4 min nəfər təşkil edib. Bu məzunların 37,2 min nəfəri kənd yerlərindəndir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ümumi orta təhsil səviyyəsini bitirənlərin sayı 148,5 min nəfər, tam orta təhsil səviyyəsini bitirənlərin sayı isə 100,1 min nəfər olub. Beləliklə, 2025-ci ildə 9-cu sinfi bitirənlərin sayı əvvəlki illə müqayisədə 8,5 min nəfər, tam orta təhsil səviyyəsini bitirənlərin sayı isə 11,3 min nəfər artıb.
Dövlət ümumi təhsil müəssisələri üzrə 2025-ci ildə 9-cu sinfi bitirənlərin sayı 155,2 min nəfər, tam orta təhsil səviyyəsini bitirənlərin sayı isə 110,0 min nəfər olub. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 146,7 min və 98,9 min nəfər təşkil edib. Qeyri-dövlət ümumi təhsil müəssisələrində də məzunların sayında artım qeydə alınıb. 2025-ci ildə qeyri-dövlət məktəblərini 1 881 nəfər 9-cu sinif, 1 335 nəfər isə tam orta təhsil səviyyəsi üzrə bitirib. 2024-cü ildə həmin göstəricilər müvafiq olaraq 1 789 nəfər və 1 251 nəfər olub. Qeyd edək ki, 2005-ci ildə dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində 9-cu sinfi bitirənlərin sayı 152,7 min nəfər, tam orta təhsil səviyyəsini bitirənlərin sayı 124,2 min nəfər olub. 2015-ci ildə isə bu göstəricilər müvafiq olaraq 108,5 min və 88,6 min nəfər təşkil edib.
