NTV xəbər verir ki, iyulun 13-də Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Urumçi Peşə Universiteti (Urumqi Vocational University) arasında təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimi onlayn formatda keçirilib.
Sənədə əsasən, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tədris və elmi fəaliyyət istiqamətində əməkdaşlığın genişləndirilməsi, müəllim, tələbə və inzibati heyət mübadiləsinin təşkili barədə razılığa gəliblər.
Anlaşma memorandumunda logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb, yeni enerji və istehsal sahələrində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Sənədə əsasən, tərəflər birgə akademik proqramların və ikili diplom layihələrinin, o cümlədən “3+1” modeli üzrə bakalavr proqramlarının hazırlanması və həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində sənayeyönümlü təcrübələrin, yay məktəblərinin və praktiki təlim proqramlarının təşkili, tələbə və akademik heyətin mobilliyinin artırılması, mübadilə proqramlarının həyata keçirilməsi və birgə tədris-tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi planlaşdırılır.
Həmçinin Süni İntellekt (AI) Mərkəzinin yaradılması və inkişafı, bu sahədə birgə tədqiqatların aparılması, təlimlərin keçirilməsi, Çin dili və mədəniyyəti üzrə təhsil proqramlarının yaradılması və mədəni əlaqələrin genişləndirilməsi istiqamətləri də sənəddə öz əksini tapıb.
Bununla yanaşı, tərəflər birgə seminar, konfrans və qısamüddətli kursların təşkili, elmi və akademik nəşrlərin mübadiləsi, hibrid formatda (onlayn və əyani) kursların həyata keçirilməsi, elmi tədqiqat və təhsil resurslarından qarşılıqlı istifadə imkanlarının yaradılması barədə razılıq əldə ediblər.
Qeyd edək ki, imzalanan anlaşma memorandumu qardaşlaşmış şəhərlər olan Naxçıvan və Urumçi şəhərləri arasındakı əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.
Tədbirdə çıxış edən Urumçi Peşə Universitetinin prezidenti Tang Xiaobing bildirib ki, bu gün imzalanan sənəd iki universitet arasında uzunmüddətli və sabit əməkdaşlıq əlaqələrinin əsasını qoyur. Azərbaycanın qədim İpək Yolunun mühüm qovşaqlarından və Çinin strateji tərəfdaşlarından biri olduğunu vurğulayan Tang Xiaobing iki ölkə arasında inkişaf edən əlaqələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib, təhsil, mədəniyyət və mübadilə sahələrində birgə fəaliyyətin əhəmiyyətindən danışıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev cari ilin aprel ayında Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətinin Urumçi Peşə Universitetinə səfər etdiyini, həmin görüşlər zamanı birgə elmi tədqiqat, tələbə və müəllim mübadiləsi, Çin dili təhsili və digər istiqamətlər üzrə müzakirələrin aparıldığını qeyd edib. Vurğulayıb ki, imzalanan anlaşma memorandumu iki universitet arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcını qoyur. Rektor Azərbaycan və Çin arasında ali təhsil sahəsində inkişaf edən əlaqələrin əhəmiyyətindən danışaraq, yeni əməkdaşlığın hər iki universitet üçün mühüm imkanlar yaradacağına və qarşılıqlı layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda onlayn qrup fotosu çəkdirilib.
Gülay Tahirli
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi
