satellite   Azerspace-1: 11135 H 30000

Daşın sirrini oxuyan alim - Əbdülvahab Salamzadə qələmində Əcəmi Naxçıvani

Daşın sirrini oxuyan alim - Əbdülvahab Salamzadə qələmində  Əcəmi Naxçıvani

Azərbaycan memarlığının parlaq ismi Əcəmi Naxçıvani əsrlər boyu daşda danışan bir sükut yaratmışdır. Bu monumental şəxsiyyətin ucaltdığı abidələr təkcə sənət əsəri deyil, həm də Tanrıya, kainata və insana yönəlmiş bir düşüncənin memarlıq sahəsində təzahür etmiş formasıdır. Bildiyimiz kimi, Azərbaycan memarlığının güzgüsü Əcəmi Naxçıvaninin həyatı ilə bağlı məlumat çox azdır. Onun həyatı, düşüncə tərzi ilə bağlı yalnız onun əsərlərindən təsəvvür yaratmaq olar. Lakin bu əsərlərin sirlərini elmi dillə oxumaq, daşların danışığını anlamaq hər kəsin işi deyildir. Bu çətin və müqəddəs missiyanı yerinə yetirənləndən biri Əbdülvahab Salamzadə olmuşdur. Əcəmi Naxçıvani haqqında aparılan araşdırmalar sırasında Əbdülvahab Salamzadənin tədqiqatları xüsusi yer tutur. Əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor, memar, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, akademik Əbdülvahab Salamzadə XX əsrin ortalarından etibarən Əcəminin sənət dünyasını elmi əsaslarla açmağa müvəffəq olmuşdur. Naxçıvan memarlıq məktəbinin ilkin tədqiqatı onun adı ilə bağlıdır. Əbdülvahab Salamzadə öz tədqiqatlarında Əcəmi Naxçıvaninin memarlıq irsini təkcə texniki mükəmməlliyin deyil, həm də mənəvi dərinliyin ifadəsi kimi dəyərləndirmişdir. Onun 1951-ci ildə yazdığı “Azərbaycan memarlığı abidələri” (həmmüəllif), 1958-ci ildə yazdığı “Azərbaycanın memarlıq abidələri”, 1963-cü ildə yazdığı “История архитектуры Азербайджана” (həmmüəllif), 1976-cı ildə yazdığı “Аджеми сын Абубекра Нахичевани”, “Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri”, 1977-ci ildə yazdığı “Azərbaycan incəsənəti” (həmmüəllif), 1979-cu ildə yazdığı “Arazboyu abidələr” (həmmüəllif), 1985-ci ildə yazdığı “Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri” (həmmüəllif) kitablarında Əcəmi Naxçıvaninin yaradıcılığı orta əsrlər Şərq memarlıq ənənələrinin və İslam estetikasının kontekstində təqdim olunur. O, Əcəmi Naxçıvanini yalnız bir memar kimi yox, fikir adamı, dövrünün mədəni yaddaşı kimi təqdim etmişdir. Dəyərli elm adamı, Əcəmi Naxçıvani ilə bağlı tədqiqatlarında memarlıq sənətinin estetik həzzdən çox mənəvi dərinlik daşıdığını sübut etmişdir. Onun tədqiqatlarından aydın olur ki, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani öz əsərlərində insan ruhunu daşla ifadə etməyi bacaran nadir sənətkarlardan olmuşdur. Alim, Yusif Küseyir oğlu, Möminə xatun türbələrinə baxarkən təkcə nəfis işlənmiş ornamentlər yox, bu abidələr üzərində zamanla yarışan harmoniya, ilahi nizam görürdü. Əbdülvahab Salamzadə bu abidələri araşdırarkən onların konstruktiv quruluşunu, ornament sistemini və yazı kompozisiyalarını dərin elmi təhlillə izah etmişdir. Dəyərli elm adamının fikrincə, bu türbələr təkcə memarlıq abidələri deyil, həm də bəşəri ideyaların daşda təcəssümü olmuşdur. Salamzadənin elmi baxışında bu abidələr sadəcə keçmişin yadigarı deyil, milli kimliyimizin memarlıq ifadəsi olmuşdur. Dəyərli alim illərlə arxivlərdə, qədim mənbələrdə, yerli və xarici tədqiqatlarda Əcəmi Naxçıvani yaradıcılığı ilə bağlı dərin iz sürmüşdür. Salamzadənin bu istiqamətdəki araşdırmaları nəticəsində Əcəmi Naxçıvani yaradıcılığı yalnız Azərbaycan deyil, ümumşərq memarlığının ən yüksək mərhələsi kimi qiymətləndirilmişdir. Onun məqsədi təkcə bir memarın həyatını yazmaq deyil, bir mədəniyyət fəlsəfəsini üzə çıxarmaq olmuşdur. O, Əcəmini dövrünün digər Şərq memarları ilə müqayisə etmiş, fərqli üslub qatlarını təhlil etmiş və nəticədə Naxçıvan memarlıq məktəbinin unikal üslub kodlarını elmi əsaslarla müəyyənləşdirmişdir. Salamzadənin tədqiqatlarında diqqətçəkən məqam ondan ibarətdir ki, o şəxsi duyğusunu elmi obyektivliklə birləşdirmişdir. O, Əcəmini təkcə araşdırmırdı, həm də dahi memarı sanki duyurdu. Onun qələmində Əcəmi soyuq elmi fakt deyil, əbədiyaşar bir dahi, daşla danışan, hər abidəsi ilə insanı kainata bağlayan bir sənətkar olmuşdur.

Əbdülvahab Salamzadənin Əcəmi Naxçıvani yaradıcılığı haqqında tədqiqatları bu böyük sənətkarın irsini yeni baxış bucağından təqdim etmiş, onun şəxsiyyətini və sənət fəlsəfəsini gələcək nəsillərə çatdırmışdır. Bu gün biz tədqiqatçılar Naxçıvanın səssiz şəkildə göyə ucalan türbələrinə baxarkən təkcə Əcəmi Naxçıvaninin dahi sənətini deyil, Əbdülvahab Salamzadənin bu dahiliyi elmi düşüncə ilə anladan zəkasını da görürük. Əgər Əcəmi daşlarla danışmışdırsa, Salamzadə o daşların dilini elmə çevirmişdir. Əbdülvahab Salamzadənin Əcəmi Naxçıvani haqqında yazdığı yazılar, kitablar bir xalqın öz kökünü, zövqünü, mənəvi kodlarını tanıması deməkdir. Bu yazılar sayəsində Əcəmi artıq təkcə kitablarda deyil, xalqın yaddaşında yaşayan bir dəyərə çevrilmişdir. Əbdülvahab Salamzadə öz ömrünü elə bu yaddaşın zəifləməməsinə həsr etdi. O, daşda əbədiləşmiş sənətə, sənətdə kök salmış əbədi bir ruha xidmət etdi.      

Bu gün Əcəmi Naxçıvani irsi təkcə alimlərin tədqiqat mövzusu deyil, dövlətin də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 sentyabr 2025-ci il tarixli “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Sərəncamı bu böyük sənətkarın xatirəsinə göstərilən dərin ehtiramın bariz nümunəsidir. Bu Sərəncam bir tərəfdən Əcəmi yaradıcılığının əbədiyyətini rəsmi şəkildə təsdiqləyirsə, digər tərəfdən Əbdülvahab Salamzadə kimi alimlərin illərlə apardığı tədqiqatların dövlət səviyyəsində davam etdirildiyini göstərir. Beləcə, memarlığın dühası Əcəmi Naxçıvaninin daşda əbədiləşən ruhu bu gün həm İlham Əliyevin imzası, həm də Əbdülvahab Salamzadənin qələmi ilə yaşamağa davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ildə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin keçirilməsi nəzərdə tutulmuşdur. Bu il Azərbaycan mədəniyyət tarixində iki böyük şəxsiyyətin yubiley ili kimi yadda qalacaqdır. Belə ki, 2026-cı il həm Azərbaycan memarlığının dühası Əcəmi Naxçıvaninin 900 illiyi, həm də bu dühanı elmi təfəkkürlə oxuyan, şərh edən Əbdülvahab Salamzadənin 110 illiyidir. Bu iki zaman qatının qovuşuğu daşın yaddaşında həkk olunan sənət ilə qələmin işığında açılan elmin nadir və mənalı vəhdətini nümayiş etdirir. 2026-cı ildə üst-üstə düşən bu tarixlər daşın dili ilə qələmin dili arasında qurulan mənəvi körpünün yubiley təcəssümüdür.      

Brilyant Cəfərli

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM