Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulun Ayasofya məbədinin yeraltı tunellərində aparılan işlərlə yerində tanış olub.
NTV xəbər verir ki, nazirin aparılan restavrasiya işlərinə dair açıqlamasına əsasən, məbədin yeraltı məzar kompleksi hesab edilən bölməsində Ayasofyanın mövcud tikilisindən daha qədim dövrə aid olduğu ehtimal edilən inşaat qatları aşkar olunub.
Nazir bildirib ki, Vəzir bağı və Qərb bağı bölmələrindən 3 min tona yaxın dolğu materialı çıxarılıb, ümumilikdə 420 metr uzunluğunda tunel xətti təmizlənib.
Mehmet Nuri Ersoy Ayasofyanın yeraltı tarixi zənginliyinin də üzə çıxarılacağını, yeraltı məkanın ziyarətçilər üçün uyğun hissələrinin nümayiş etdirilməsi məqsədilə layihə hazırlanmasının planlaşdırıldığını qeyd edib.
