Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) Türkiyənin Antalya şəhərində işini davam etdirir.
NTV xəbər verir ki, konfransın altıncı günündə diqqət uşaqlar, gənclər, təhsil və peşə bacarıqları mövzularına yönəlib. Gün ərzində iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunun artırılması, ekoloji maarifləndirmə, təhsil sistemində iqlim məsələlərinin təşviqi və gələcək nəsillərin dayanıqlı inkişaf prosesinə cəlb olunması ilə bağlı müzakirələrin keçirilməsi nəzərdə tutulur.
BMT-nin müxtəlif qurumları, beynəlxalq təşkilatlar və tərəfdaş qurumların təşkilatçılığı ilə keçirilən tədbirlərdə təhsildə iqlim amili, gənclərin qərar qəbuletmə prosesində iştirakı, iqlim böhranı ilə bağlı həllərin maliyyələşdirilməsi və ekoloji bacarıqların inkişafı kimi məsələlər müzakirə olunur. Konfransın pavilyonlarında ölkələrin iqlim dəyişmələri ilə mübarizə sahəsində təcrübələri, ekoloji layihələri, yaşıl texnologiyaları və bərpaolunan enerji təşəbbüsləri təqdim edilir.
Azərbaycan pavilyonunda isə bu gün “Təmiz enerjiyə keçid”, “İqlim dayanıqlılığının təmin edilməsi üçün ədalətli və inklüziv texnologiya inkişafı”, “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi”, “İqlim dəyişmələri şəraitində gələcək nəsillərin gücləndirilməsi: Qlobal Cənub ölkələrində uşaqların və gənclərin təhsilinin və bacarıqlarının inkişafında vətəndaş cəmiyyətinin rolu” kimi məsələlər müzakirə olunacaq.
