Moskva Avropa ölkələri ilə təmaslara hazırdır və onların sülh yolu ilə nizamlanmanı dəstəkləməyə hazır olduqlarını görəcəyi təqdirdə, Ukrayna ilə bağlı danışıqlarda iştirak etmələrini mümkün hesab edir.
NTV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Avropa ölkələri ilə ikitərəfli təmasların qurulmasına dair konkret müzakirələrin hələ aparılmadığını deyib. D.Peskov Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə belə dialoqa hazır olduğunu bəyan etdiyini əlavə edib.
“Onların həqiqi niyyətini və sülh prosesinə töhfə verməyə hazır olduqlarını gördükdən sonra Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı dialoqun genişləndirilmiş formatda aparılması barədə konkret qərar qəbul etmək mümkün olacaq”, – deyə D.Peskov bildirib.
Avropanı danışıqlarda Fransa Prezidenti Emmanuel Makronun təmsil edə biləcəyi barədə yayılan məlumatları şərh edən Kreml nümayəndəsi bildirib ki, mediada müxtəlif namizədlərin adları çəkilir və Kreml hələlik bu məlumatı təsdiqləyə bilməz.
Mətbuat katibinin vurğuladığına görə, Moskva Ukrayna ilə bağlı danışıqların növbəti raundunun tezliklə keçirilməsinə ümid edir. “Biz hesab edirik ki, bu görüş kifayət qədər tez, artıq yaxın perspektivdə baş tutacaq”, - deyə o bildirib. Peskov danışıqların davam etdirilməsi məsələsinin Amerika tərəfi ilə müzakirə olunduğunu da əlavə edib.
