Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib.
NTV xəbər verir ki, Türkiyə Prezidenti bu açıqlamanı Antalyada keçirilən COP31-in Liderlər Sammitindəki çıxışı zamanı verib.
O, bəşəriyyətin yalnız bir ortaq evinin - Yer kürəsinin olduğunu və onun qorunmasının birgə səylər tələb etdiyini bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, bu gün dünya ölkələri tarixlərinin ən ciddi çətinliklərindən biri ilə üzləşir və bu, iqlim dəyişmələrinin nəticələri ilə bağlıdır.
Dövlət başçısı qeyd edib ki, Berlində keçirilən ilk COP-dan bəri 31 il ərzində əhəmiyyətli irəliləyişlər əldə edilib. “Bu illər ərzində mühüm qərarlar qəbul edilib, amma təəssüf ki, hələ də məqsədlərimizə çatmamışıq. Əminəm ki, ölkələr ümid ətrafında birləşməli və bəyan etdiyimiz məqsədlərə doğru inamla irəliləməlidir”, - deyə Türkiyə lideri bildirib.
Rəcəb Tayyib Ərdoğan Antalyada qəbul edilən qərarların bütün bəşəriyyətə fayda verəcəyinə ümid etdiyini bildirib: “İqlim dəyişmələri ilə mübarizədə yeni başlanğıc nöqtəsi olacaq iqlim sammitinin effektivliyini və səmərəliliyini təmin etmək üçün əlimizdən gələni edirik. COP31 bizim üçün qərarların həyata keçirilməsi platformasıdır”.
