satellite   Azerspace-1: 11135 H 30000

Britaniya və Aİ ərzaq ticarətinin asanlaşdırılması üzrə saziş layihəsi hazırlayıb

Britaniya və Aİ ərzaq ticarətinin asanlaşdırılması üzrə saziş layihəsi hazırlayıb

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) “Brexit”dən sonra ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tətbiq edilən yoxlamaların və bürokratik prosedurların aradan qaldırılmasını nəzərdə tutan saziş layihəsi üzrə razılığa gəlib.

NTV BBC-yə istinadla xəbər verir ki, təxminən 200 səhifəlik sənəd bu ay keçiriləcək Böyük Britaniya-Aİ sammiti ərəfəsində müzakirə olunmaq üçün Brüsseldə üzv dövlətlərə təqdim edilib. Sanitar və fitosanitar tədbirlərə dair (SPS) saziş “Brexit”dən sonra London və Brüssel arasında münasibətlərin yenidən qurulması istiqamətində indiyədək əldə edilmiş ən mühüm razılaşmalardan biri hesab olunur.

Sazişin qüvvəyə minməsi ilə ixracatçıların hazırda ödədiyi 200 funt sterlinqlik sağlamlıq sertifikatı, 25 funt sterlinqlik fitosanitar sertifikat, müfəttiş xidmətləri, üzvi məhsul sertifikatları, bəzi liman rüsumları və digər yoxlama xərclərinin aradan qaldırılması nəzərdə tutulur. Razılaşma, həmçinin Böyük Britaniyadan Aİ ölkələrinə təzə kolbasa, burger, yerli sularda ovlanan qabıqlı dəniz məhsulları və toxumluq kartof ixracının bərpasına imkan yaradacaq.

Britaniya hökumətinin hesablamalarına görə, saziş uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatına ildə 5,1 milyard funt sterlinq əlavə fayda gətirə bilər. Razılaşma çərçivəsində Böyük Britaniyada verilən ev heyvanı pasportlarının Aİ ölkələrində istifadəsinə də şərait yaradılacaq. Bunun müqabilində London bitki, heyvan və ərzaq ticarətinə dair Aİ standartlarına uyğunlaşmağı, eləcə də gələcək dəyişiklikləri tətbiq etməyi öhdəsinə götürəcək. Bununla yanaşı, emissiya ticarəti və gənclərin qarşılıqlı səyahət və iş imkanlarını əhatə edən proqram üzrə saziş layihələri də Aİ üzvlərinə təqdim olunub.

Qeyd edək ki, sözügedən məsələlər əvvəlki Baş nazir Kir Starmerin dövründə də müzakirə olunurdu. Lakin iyul ayında Leyboristlər Partiyasında rəhbərlik dəyişikliyindən sonra Böyük Britaniyanın Aİ ilə münasibətlərə yanaşmasında dəyişiklik baş verib. Hazırkı Baş nazir Endi Börnhem ölkəsinin gələcəkdə Avropa İttifaqına yenidən qoşulmasını istədiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM