satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Qlobal temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsidən çox artması kriosferdə – buzlaqlarda, qütb buz örtüklərində, çoxillik buzlaq ərazilərdə və dəniz buzlaqlarında geridönməz dəyişikliklərə səbəb ola bilər. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanmış yeni hesabatda alimlər bu barədə xəbərdarlıq edirlər.

NTV BMT-yə istinadla xəbər verir ki, Kriosfer İqlimi üzrə Beynəlxalq Təşəbbüsün (ICCI) 80 mütəxəssisinin UNEP ilə birgə hazırladığı tədqiqatda vurğulanır ki, Paris Sazişində müəyyən edilmiş temperatur həddinin hətta müvəqqəti aşılması belə Yer kürəsinin iqlim sistemində uzunmüddətli fəsadlara yol aça bilər.

Alimlərin hesablamalarına görə, hazırkı iqlim siyasəti dəyişməz qalarsa, qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Belə bir ssenari Yer səthinə yaxın yerləşən çoxillik buzlaq ərazilərin, demək olar ki, tamamilə itirilməsinə, onların əriməsinin sürətlənməsinə və dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Qrenlandiya və Antarktida buz örtüklərinin vəziyyəti xüsusi narahatlıq doğurur. Hazırda bu ərazilərdə buz itkisi 1990-cı illərlə müqayisədə təxminən altı dəfə sürətlə gedir. Temperaturun yenidən 1,5 dərəcə səviyyəsinə enməsi belə bu prosesi tam dayandıra bilməyəcək.

Hesabata əsasən, qlobal temperaturun 2,8 dərəcə artması nəticəsində Alp dağlarında, İslandiyada və Skandinaviyada mövcud buzlaq kütləsinin 10 faizindən də az hissəsi qala bilər. İstiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması fonunda isə bu göstərici 20-35 faiz təşkil edəcək.

Hindukuş-Himalay dağlıq bölgəsində daha çox ciddi fəsadların yaranacağı gözlənilir. Bu bölgənin buzlaqları planet əhalisinin təxminən dörddəbirini su ilə təmin edir. Hazırkı iqlim siyasəti davam edərsə, burada buz kütləsinin yalnız 41 faizi qorunub qala bilər. Qlobal temperaturun 1,5 dərəcə artım ilə məhdudlaşacağı ssenaridə isə bu göstərici təxminən 83 faiz olacaq.

Hesabatın aparıcı müəllifi, Kriosfer İqlimi üzrə Beynəlxalq Təşəbbüsün qlasioloqu Ceyms Kirkhem qeyd edir ki, qar və buz temperaturun cüzi artımına belə həssasdır. Lakin ciddi dəyişikliklərə məruz qalmış bu sistemlərin bərpası əsrlər, hətta minilliklər çəkə bilər.

Alimlər 1,5 dərəcəlik həddin aşılacağı dövrü mümkün qədər qısaltmağın, istixana qazı emissiyalarının azaldılmasını sürətləndirməyin və atmosferdən karbon qazının təmizlənməsini təmin etməyin vacibliyini vurğulayırlar. Uzunmüddətli perspektivdə isə 2150-ci ilədək qlobal istiləşmənin 1 dərəcədən aşağı səviyyəyə qaytarılması təklif olunur.

Məruzənin müəllifləri xəbərdarlıq edirlər ki, kriosferin itirilməsi təkcə qütb və dağlıq bölgələrlə məhdudlaşmayacaq, su təhlükəsizliyinə, ekosistemlərə və yüz milyonlarla insanın həyatına təsir göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM