İsveç qısa müddət ərzində “True Crime Community” (TCC) onlayn icması ilə əlaqəli yetkinlik yaşına çatmayanların iştirakı ilə bir neçə qəddar hücuma şahid olub. Təşkilatın üzvləri kütləvi qətllər törədənlərə heyranlıqla yanaşır, onların videolarını paylaşır, zorakı cinayətləri zarafat və əyləncə obyektinə çevirirlər.
NTV xəbər verir ki, ilk belə hallardan biri Helsinqborqda oyun meydançasında beş yaşlı qıza edilən hücum olub. Uşaq boynundan bıçaqlanıb və şübhəli 12 yaşlı oğlan olub. Polis oğlanla əlaqəli və kütləvi qatilləri tərifləyən məzmun paylaşan “TikTok” hesabını üzə çıxarıb.
Avqust ayında TCC icmasında tanınan 18 yaşlı bir kişinin Fagersta şəhərindəki bir məktəbdə qılıncla hücum etdiyi, bir qızı öldürdüyü və üç şagirdi yaraladığı iddia edildi. Bir ay sonra, Vekşyödə 13 yaşlı bir oğlan bədən tərbiyəsi dərsi zamanı məktəbli qızı bıçaqlayıb. Hücumdan sonra o, heç kimin ölməməsinə görə təəssüfünü bildirən və TCC üzvlərinə dəstəklərinə görə təşəkkür edən bir video paylaşıb.
“True Crime Community” vahid rəhbərliyə malik deyil və əsasən, kütləvi qatillərlə maraqlanan gənclərdən ibarət onlayn submədəniyyətdir. Süni intellektdən istifadə edərək hazırlanmış qısa videolar da daxil olmaqla cinayətkarları məşhurlar kimi göstərən materiallar sosial mediada, xüsusən də “TikTok”da yayılır.
Ekspertlər hesab edirlər ki, bu məzmun zorakılığın yayılmasına səbəb olur. İcma üzvləri cinayətkarlığa şöhrət və tanınma qazanmağın bir yolu kimi baxa bilərlər. Polis vurğulayır ki, daim dəyişən və çox vaxt yalnız üzvləri tərəfindən başa düşülən onlayn submədəniyyətin gizli simvolizmi xüsusi çətinlik yaradır.
Həmçinin məlum olub ki, TCC-yə cəlb olunmuş bir çox yeniyetmə tənhalıq, məktəbdə zorakılıq, ailə problemləri və sosial təcridlə üzləşir. Onlar gündəlik həyatlarında çatışmayan mənsubiyyət və dəstək hissini internetdə tapıblar. Bəzi hallarda valideynlər uşaqlarının zorakı cinayətlərə marağının fərqində olsalar da, bunu ciddiyə almayıblar.
