Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) atmosferdəki karbon qazı və digər əsas istixana qazlarının səviyyəsinin 2025-ci ildə görünməmiş zirvələrə çatdığını və planetimizdə daha uzunmüddətli istiləşməni labüd etdiyini bildirib.
NTV xəbər verir ki, təşkilatın “İstixana qazı bülleteni” adlı yeni hesabatında qeyd olunur: “2025-ci ildə atmosferdəki karbon qazı və digər əsas istixana qazlarının səviyyəsi görünməmiş zirvələrə çatıb. Bu, planetimizdə daha uzunmüddətli istiləşməni labüd edir. 2025-ci ildə qlobal səthdə orta karbon qazı konsentrasiyası milyonda 426,8 hissəyə çatıb ki, bu da 1750-ci il sənayeləşmədən əvvəlki baza səviyyəsinin 153 faizini təşkil edir”.
Hesabatda bildirilir ki, insan fəaliyyəti ilə əlaqəli metan və azot oksidi konsentrasiyaları da yeni rekord səviyyələrə yüksəlib. Karbon qazının artım tempi 1960-cı illərdən bəri üç dəfə artıb.
ÜMT hər il buraxılan ümumi karbon qazının təxminən yarısının atmosferdə qaldığını, qalan hissəsinin isə quru ekosistemləri və okeanlar tərəfindən udulduğunu və karbon qazının artım tempinin 1960-cı illərdən bəri üç dəfə artdığını qeyd edib. Hesabatda bildirilir ki, 2011-2020-ci illər ərzində orta illik artım tempi 0,8 ppm (milyonda bir hissə) təşkil edib və ildə orta hesabla 2,4 ppm-ə çatıb. Bundan başqa, karbon qazının qlobal orta konsentrasiyasının 2024-cü ildən 2026-ci ilin sonunadək 2,8 ppm artacağı gözlənilir.
Hesabatı şərh edən ÜMT baş katibinin müavini Ko Barrett bildirib: “Daha bir ildə yeni rekord qeydə alınıb. İstixana qazları atmosferdə görünməmiş miqdarda istiliyi saxlayır, daha ekstremal hava hadisələrini və nəticədə iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün riskləri artırır. Müşahidələr başlayandan bəri 11-ci ən isti ili geridə qoyduq və bu tendensiyanın davam edəcəyi gözlənilir”.
Barrett qeyd edib ki, karbon qazının ömrü çox uzundur və bu, əsrlər boyu qlobal iqlimə təsir göstərməyə davam edəcək.
