Azərbaycan Astanada keçirilən Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin XXIV iclasında təmsil olunur.
NTV xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə iştirak edir.
Sülh və Razılıq Sarayında keçirilən tədbir Qazaxıstanın vitse-prezidenti, Qurultay Katibliyinin sədri Yerlan Karinin rəhbərliyi ilə baş tutur. Tədbirdə 20 ölkədən dünya və ənənəvi dinlərin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, dövlət xadimləri və ekspertlər iştirak edirlər.
Gündəliyin əsas məsələsi iki beynəlxalq sənədin - “Dini sahədə süni intellektdən istifadənin etik kodeksi” və “İqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu” sənədlərinin müzakirəsi və qəbuludur. Onların hazırlanması Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayında irəli sürülüb və iştirakçılar tərəfindən dəstəklənib.
Gündəlikdə ayrıca Qazaxıstan-Vatikan təşəbbüsü olan “Sağalmaz xəstə uşağın hüquqları haqqında Xartiya”nın təqdimatı nəzərdə tutulur.
