satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Oktyabrın 6-da Şimali Koreyanın Xarici İşlər Nazirliyi Cənubi Koreyanın sərhəddə mina partladılması ilə bağlı ittihamlarını rədd edib və bildirib ki, ərazisinə hər hansı şəkildə müdaxilə olunacağı təqdirdə qonşu ölkəyə qarşı “dərhal və qəti cavab tədbirləri” görüləcək.

“Əgər Koreya Respublikası tərəfindən ən kiçik təxribat və ya bir qığılcım sərhədi bir millimetr belə keçərək sərhəddə pozuntu qeydə alarıqsa, KXDR-in sərhəd qüvvələri dərhal qəti və güclü cavab tədbirləri görəcək”, – deyə bəyanatda bildirilib.

NTV xəbər verir ki, bu açıqlamalar Cənubi Koreyanın BMT Komandanlığı ilə birgə apardığı araşdırmanın və elmi təhlilin nəticələrini açıqlamasından bir gün sonra səslənib. Araşdırma nəticəsində Cənubi Koreyanın iki hərbçisinin demilitarizasiya olunmuş zonada Şimali Koreya tərəfindən quraşdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində ciddi xəsarət aldığı müəyyən edilib.

“The Straits Times” qəzeti yazır ki, “KCNA” dövlət xəbər agentliyində yayımlanan bəyanatda nazirlik Cənubi Koreyanın sentyabrın 21-də baş vermiş partlayışla bağlı apardığı araşdırmanı “qəsdən hazırlanmış saxtakarlıq” adlandırıb. Nazirliyin fikrincə, bu araşdırmanın məqsədi hadisə ilə Şimali Koreya arasında əlaqə yaratmaq və Pxenyana qarşı diplomatik, hərbi tədbirlərə haqq qazandırmaqdır.

Bəyanatda Cənubi Koreyanın gəldiyi nəticələr “ciddi təxribat” və Şimali Koreyanın suverenliyinin pozulması kimi qiymətləndirilib. Həmçinin bildirilib ki, Pxenyan sərhədlərin təhlükəsizliyini təmin etmək üçün öz suveren hüquqlarını “daha qətiyyətlə və cəsarətlə” həyata keçirəcək.

Nazirlik Cənubi Koreyanın minatəmizləmə əməliyyatlarına məhəl qoymayacağını bildirib. Həmçinin xəbərdarlıq edib ki, belə bir hadisə ölkənin cənubunda yenidən baş verərsə, buna görə bütün məsuliyyət yalnız Seulun üzərinə düşəcək.

Rəsmi Seulun bildirdiyinə görə, Şimali Koreya 2026-cı ildə minaların və maneələrin quraşdırılması üçün 7 minədək işçi göndərib. Bu işlər sərhəd istehkamlarının möhkəmləndirilməsi məqsədilə 2024-cü ildən həyata keçirilir.

Cənubi Koreya hərbçiləri də Pxenyandan üzr istəməsini və Koreya müharibəsi zamanı əldə olunmuş atəşkəs razılaşmasını pozaraq quraşdırılmış minaların təmizlənməsini tələb ediblər. Onlar, həmçinin həmin ərazidə öz minatəmizləmə əməliyyatlarına başlayıblar.

Şimali Koreya 2023-cü ildə Cənubi Koreyanı “düşmən dövlət” elan etdikdən sonra Seulun dialoq təkliflərinə məhəl qoymur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM