Məşhur milyarder və “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts “The New York Times” qəzetinə müsahibəsində ABŞ-də süni intellektin (AI) sürətli inkişafının yarada biləcəyi risklərlə bağlı narahatlıqların artdığı və sənaye liderlərinin texnologiyanın inkişafının yavaşlamasına çağırdığı bir vaxtda AI-nin gələcəyi ilə bağlı qiymətləndirmə təqdim edib.
NTV xəbər verir ki, insan zəkasından fərqli olaraq, AI-nin bioloji məhdudiyyətlərə tabe olmadığına diqqət çəkən Qeyts vurğulayıb: “İnsan beyni məhdud yaddaş və fiziki tutuma malik olduğu halda, AI eyni məhdudiyyətlərə malik deyil. Bu texnologiya gələcəkdə insan zəkasını üstələyə bilər”.
AI-nin yaratdığı risklərin yalnız gələcəyə yönəlmiş olmadığını iddia edən Qeyts mövcud sistemlərin “zərərli aktorlar” tərəfindən bioloji və kiberhücumlar üçün istifadə edilə biləcəyini də qeyd edib.
Süni intellektin “bioterrorizm” hücumlarında istifadə edilə və rəqəmsal, infrastruktur sistemlərini hədəf alan kiberhücumları asanlaşdıra biləcəyini iddia edən Qeyts, həmçinin açıq mənbəli modellərdə təhlükəsizlik tədbirlərini deaktiv etmək qabiliyyətinin əhəmiyyətli bir risk yaratdığı barədə xəbərdarlıq edib.
Qeyts əlavə edib ki, gələcəkdə süni intellekt sistemlərinin onlara verilən əmrləri gözlənilməz şəkildə şərh etməsi və insan maraqlarına zidd hərəkət etməsi riski var. Qeyts texnologiya sektorundan kənarda süni intellektin yaratdığı risklər barədə məlumatlılığın olduqca aşağı olduğunu iddia edib. O, mövcud sistemlərdə kifayət qədər nəzarət təbəqələrinin olmadığını qeyd edərək, süni intellekt sistemlərinin istifadəsinə nəzarət mexanizminin təcili ehtiyac olduğunu vurğulayıb.
