satellite   Azerspace-1: 11135 H 30000

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Türkiyənin Antalya vilayətinin Adrasan bölgəsinin ərazi sularında aparılan axtarışlar zamanı təxminən 2100 il əvvələ aid gəminin qalıqlarında minlərlə keramika məmulatı aşkar edilib.

NTV xəbər verir ki, bununla bağlı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

O, bildirib ki, gəmi qalıqlarında çoxlu boşqab və kasalar aşkarlanıb. Əsərlərin taxta sandıqlara yerləşdirilərkən aralarına qoyulan gil sayəsində minilliklər ərzində yaxşı qaldığı qeyd olunur.

Tapıntıların arasında çərəz boşqabları, şorba və balıq kasaları, həmçinin müxtəlif ölçülü nimçələr olmaqla 122 fərqli forma və ölçüdə keramika nümunəsi müəyyən edilib.

Keramika məmulatlarının Hatayın Arsuz rayonunun qədim adı olan Rhosus ərazisində istehsal edildiyi ehtimal olunur. Bu məhsulların qədim Romada tanınmasına dair tarixi məlumatlar da mövcuddur. Romanın dövlət xadimi və natiq Siseronun eramızdan əvvəl 50-ci ildə dostu Attikusa yazdığı məktubda Rhosusdan keramika qabları sifariş etdiyi bildirilir.

Gəmi qalıqlarında Egey dənizindəki bəzi adalarda istehsal edildiyi düşünülən amforalar və Antakyamənşəli sikkələr də tapılıb. Bu tapıntılar gəminin eramızdan əvvəl I əsrin ortalarında Antakya, Egey, Yunanıstan və İtaliya sahilləri arasındakı ticarət marşrutunda fəaliyyət göstərdiyini göstərir.

Arxeoloqlar gəminin Arsuzdan yola çıxaraq Roma istiqamətində hərəkət etdiyi və fırtına zamanı batdığı qənaətindədirlər. Adrasan sahillərində, dənizin 42–55 metr dərinliyində aparılan arxeoloji qazıntılar sualtı robotların dəstəyi ilə davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM