Efiopiyanın Tiqray bölgəsinin şimalında silahlı qruplar regionun paytaxtı Mekele şəhərindəki hava limanına nəzarəti ələ keçirib.
NTV “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Qərb ölkələrindən birinin diplomatik nümayəndəliyindəki təhlükəsizlik mənbəyi də məlumatı təsdiqləyib.
Mekele şəhərində yerləşən Alula Aba Neqa hava limanının əməkdaşlarından biri bildirib ki, işə gedərkən rəhbərlik tərəfindən hava limanının Tiqray qüvvələrinin nəzarətinə keçdiyi barədə məlumat verilib.
“Ethiopian Airlines” aviaşirkəti isə Tiqray bölgəsində yerləşən Mekele, Aksum və Şire şəhərlərinə uçuşları dayandırdığını açıqlayıb. Şirkət qərarın regiondakı mövcud vəziyyətlə əlaqədar qəbul edildiyini bildirib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu gün səhər Tiqray ilə paytaxt Əddis-Əbəbə arasında bütün aviareyslər ləğv edilib.
Qeyd edək ki, sentyabrın əvvəlində federal qüvvələrlə Tiqray Xalq Azadlıq Cəbhəsinin silahlı qüvvələri arasında bir neçə saat davam edən toqquşmalar baş verib. Yerli və təhlükəsizlik mənbələrinin məlumatına görə, döyüşlər zamanı ağır artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunub.
Afrika İttifaqının məlumatlarına əsasən, Efiopiyada 2020-2022-ci illərdə federal hökumət qüvvələri ilə Tiqray Xalq Azadlıq Cəbhəsinin silahlıları arasında davam edən müharibə nəticəsində azı 600 min nəfərin öldüyü bildirilir.
