Sentyabrın 22-si gecəsi Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkənin bir neçə bölgəsinə kütləvi dron hücumunu dəf edib.
NTV RF Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, gecə saatlarında 297 dron məhv edilib.
Dron hücumunun əsas hədəflərindən biri Samara vilayəti olub. Vilayətin qubernatoru Vyaçeslav Fedorişev bildirib ki, bölgə ərazisi üzərində onlarla dron vurulub. Onun sözlərinə görə, dronların əsas hədəfləri sənaye müəssisələri olub.
Samaradakı Kuybışev neftayırma zavoduna da hücum edildiyi bildirilir. Məhv edilən dronların qalıqları mülki obyektlərə, o cümlədən fərdi evlərə və avtomobillərə ziyan vurub.
Samara meri İvan Noskov bir neçə yaşayış binasının pəncərələrinə, bir binanın damına və bir avtomobilə ziyan dəydiyini bildirib. Təcili yardım xidmətləri və istintaq orqanları dağıntıların təsirinə məruz qalan ərazilərdə işləyir. Tələfat və ya xəsarət alanlar barədə məlumat verilməyib.
İyunun əvvəlində də Kuybışevdəki neftayırma zavodu dron hücumundan sonra neft emalını dayandırmışdı.
