Yaradıcıları tərəfindən dünyanın ilk rəqəmsal aktrisası adlandırılan süni intellekt personajı Tilli Norvud britaniyalı jurnalist Pirs Morqan və aktyor Tom Konti ilə müsahibə zamanı gözlənilmədən ingilis dilindən Çin dilinə keçib.
NTV xarici mediaya istinadla xəbər verir ki, nasazlıq Kontinin Tilli Norvuddan debüt etdiyi "Misaligned" filmindəki digər aktyorların real insanlar, yoxsa rəqəmsal personajlar olub-olmadığını soruşmasından sonra baş verib. Norvud bir neçə saniyə Çin dilində danışıb, daha sonra yenidən ingilis dilinə keçərək baş verənləri texniki xəta ilə izah edib.
Tilli Norvud Londonun "Particle6" və "Xicoia" şirkətləri tərəfindən yaradılıb. Personaj 2025-ci ildə Sürix Film Festivalında debüt edib və insani istəkləri yaşamağa başlayan süni varlıqdan bəhs edən "Misaligned" filmində rol alıb.
Rəqəmsal aktrisanın meydana çıxması kinoda süni intellektdən istifadə ilə bağlı müzakirələrə səbəb olub. SAG-AFTRA həmkarlar ittifaqı “sintetik” ifaçıların aktyor olmadığını bildirib və onların işlərindən süni intellekt personajlarının yaradılması zamanı istifadə edilərkən peşəkar ifaçıların hüquqlarının qorunmasını tələb edib.
Bu mübahisələr fonunda süni intellekt texnologiyaları kino sənayesində, o cümlədən vizual effektlərin, dekorasiyaların və istehsalın digər elementlərinin yaradılmasında tətbiq olunmaqda davam edir.
