Qəzza şəhərinin qərb hissəsində məcburi köçkünlərin məskunlaşdığı altımərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 8 nəfər həlak olub, 60-dan çox insan itkin düşüb.
NTV İraq xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Qəzza zolağının Mülki Müdafiə Xidməti məlumat yayıb.
Qurumun sözçüsü Mahmud Bassal bildirib ki, dağıntılar altından aralarında uşaqların da olduğu 8 nəfərin meyiti çıxarılıb, 15 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, çökmüş bina müharibə zamanı bir neçə dəfə zərbələr nəticəsində zədələndiyindən qəzalı vəziyyətdə olub.
Mahmud Bassalın bildirdiyinə görə, hazırda 60-dan çox şəxsin dağıntılar altında qaldığı ehtimal edilir. O, xilasetmə əməliyyatlarının lazımi texnika və avadanlığın çatışmazlığı səbəbindən ləngidiyini qeyd edib.
Axtarış-xilasetmə işlərinə Mülki Müdafiə və Qəzza şəhər bələdiyyəsinin əməkdaşları ilə yanaşı, onlarla könüllü də cəlb olunub.
Mülki Müdafiə Xidməti ətrafdakı yaşayış binalarının böyük hissəsinin dağıntılar nəticəsində zədələndiyini və bir sıra tikililərin divar və tavanlarında çatların yarandığını bildirib.
Qeyd olunur ki, Qəzza zolağında bu, qəzalı vəziyyətdə olan binaların çökməsi ilə bağlı ilk hadisə deyil. Mülki Müdafiə Xidmətinin məlumatına görə, on minlərlə məcburi köçkün təhlükəli vəziyyətdə olan binalarda yaşamağa məcbur qalıb.
