Ötən il humanitar yardım təşkilatlarının əməkdaşlarına qarşı törədilən hücumların sayı rekord həddə çatıb.
NTV xəbər verir ki, bu barədə BMT-nin məlumatında qeyd olunub.
Bildirilib ki, ötən il 907 humanitar yardım işçisi öldürülüb, yaralanıb və ya oğurlanıb. 2024-cü ildə bu göstərici 833 nəfər olub. BMT-nin məlumatına görə, 2025-ci ildə həlak olan humanitar yardım əməkdaşlarının sayı 350 nəfər təşkil edib. Bu rəqəm 2024-cü ildə qeydə alınmış 387 ölüm halından bir qədər azdır. Humanitar yardım əməkdaşları üçün ən təhlükəli məkan Qəzza zolağı olub. Burada 2025-ci ildə 186 yardım işçisi öldürülüb.
“Humanitarian Outcomes” təşkilatının Avstraliya və Kanada hökumətləri tərəfindən maliyyələşdirilən yardım işçilərinin təhlükəsizliyi ilə bağlı məlumat bazasına görə, zorakılığın ümumi miqyası bu il də azalma əlaməti göstərmir. İndiyədək 322 humanitar yardım əməkdaşı yaralanıb, 235-i isə oğurlanıb.
BMT-nin baş katibi Antonio Quterreş zorakılığın miqyasının dəhşətli olduğunu vurğulayaraq, dövlətləri beynəlxalq humanitar hüquqa riayət etməyə və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
