Türkiyə vətəndaşı silahlı insidentlər nəticəsində ölən uşaqların və yeniyetmələrin sayının artmasına etiraz olaraq Qara dəniz sahilində yerləşən Trabzon şəhərindən paytaxt Ankaraya qədər olan təxminən 730 kilometrlik yolu piyada getmək niyyətindədir.
NTV xəbər verir ki, “Gəzən adam” ləqəbi ilə tanınan 64 yaşlı fəal Məhəmməd Çelik artıq Trabzon şəhərinin ərazisindən çıxıb.
O, “NTV” telekanalına bildirib ki, Trabzon vilayətinin Düzköy rayonunda iyulun 6-da biçilmiş ot sahəsi ilə bağlı mübahisə zamanı qohumu tərəfindən güllələnən 12 yaşlı Əkrəm Ergünün ölüm xəbərini eşitdikdən sonra bu yürüşü etmək qərarına gəlib.
“Uşaqlar daha ölməməli, onların arzuları puç edilməməlidir. Mən uşaqlarımızın – gələcəyimizin naminə Trabzondan Ankaraya qədər piyada gedəcəyəm. Bu problemə ictimaiyyətin diqqətini cəlb etmək istəyirəm”, - deyə həlak olan uşağın fotosu əks edilən maykanı geyinmiş M.Çelik vurğulayıb.
