Almaniyanın “Rheinmetall” müdafiə sənayesi konserni “FV-014” pilotsuz uçuş aparatını sınaqdan keçirib.
NTV xəbər verir ki, şirkət yeni sistemin “Rheinmetall”ın öz istehsalı olan konteyner tipli raket buraxılış qurğusundan uğurla işə salındığını açıqlayıb. Sınaq Saksoniya-Anhalt əyalətində, Alman Aerokosmik Mərkəzinin pilotsuz uçuş sistemləri üzrə Milli Sınaq Mərkəzində keçirilib. “FV-014” həm stasionar vəziyyətdə, həm də “Rheinmetall HX” yük maşını hərəkətdə olarkən buraxılıb. Sistem müxtəlif simulyasiya edilmiş tapşırıqları və hücum uçuşlarını uğurla yerinə yetirib.
Şirkətin məlumatına görə, “FV-014” geniş mobil istifadə üçün nəzərdə tutulub və 100 kilometrədək məsafədə fəaliyyət göstərə bilir. Sistem kəşfiyyat, hədəfin müəyyənləşdirilməsi və dəqiq zərbə imkanlarını bir platformada birləşdirir. Uçuş müddəti 70 dəqiqəyədək olan aparatın başlanğıc çəkisi təxminən 22 kiloqram, faydalı yükü isə 6 kiloqramdır. Konteyner tipli raket buraxılış qurğusu 18-dək “FV-014” daşıya bilir.
Məlumatda yeni sistemin sınağı şirkətin pilotsuz döyüş vasitələri sahəsində imkanlarının genişləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilib.
