Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham ölkəyə ilk müraciətini edib.
NTV xəbər verir ki, hökumət başçısının iqamətgahına gələn Börnham tərəfdarlarının alqışları ilə qarşılanıb.
İlk çıxışında o siyasətçilərin qarşıdakı çağırışlara cavab vermək üçün fəaliyyətlərini gücləndirməli olduqlarını deyib. Endi Börnham insanların siyasətdən narazı olduğunu etiraf edib və bildirib ki, hökumətin buna cavab verməlidir.
“Mən sizi eşidirəm. Biz kifayət qədər yaxşı olmamışıq və daha yaxşı olmalıyıq. Elə də olacaq”, – deyə o tərəfdarlarına səslənib.
Yeni Baş nazir ölkədə yeni siyasi yanaşmanın formalaşdırılacağını, siyasətin qarşıdurmadan daha çox problemlərin həllinə yönələcəyini vurğulayıb. O, 1980-ci illərdə həyata keçirilən özəlləşdirmə və sənayesizləşdirmə siyasətini yanlış istiqamətlər adlandıraraq, bir çox bölgələrin hələ də bunun mənfi təsirlərini hiss etdiyini qeyd edib. Börnham hökumətin səlahiyyətləri mərkəzdən bölgələrə ötürəcəyini, əsas xidmətlərin daha əlçatan olması üçün onların üzərində dövlət nəzarətinin gücləndiriləcəyini bildirib.
Baş nazir sabahdan etibarən yaşayış xərclərinin azaldılmasına yönəlmiş ilk tədbirləri açıqlayacağını və bu tədbirlərin maliyyələşdirilməsi mexanizmini təqdim edəcəyini deyib. O əlavə edib ki, bu ilin sonuna qədər Böyük Britaniya üçün 10 illik inkişaf planını təqdim edəcək.
Börnham bildirib ki, Baş nazir kimi verəcəyi ilk göstəriş ölkədə küçələrdə yaşayan insanların probleminin aradan qaldırılması ilə bağlı olacaq. O çıxışının sonunda ölkədə birlik və ümid çağırışı edib.
