Kreml Rusiya və ABŞ xarici işlər nazirləri səviyyəsində mümkün təmasları alqışlayır.
NTV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, son günlərdə Kreml ilə Amerika tərəfi arasında heç bir əlaqə olmayıb.
“Xarici İşlər Nazirliyi ilə diplomatik qurumlar arasında əlaqələr, əlbəttə ki, əsasən texniki xarakter daşıyır, lakin xarici işlər nazirləri səviyyəsində əlaqə olarsa, biz bunu ancaq alqışlayardıq”, - deyə Peskov ABŞ dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Sergey Lavrovla mümkün görüşü barədə açıqlamasına münasibət bildirərkən deyib.
Kremlin sözçüsü başqa bir suala cavab olaraq bildirib ki, Almaniyanın bu ölkənin daxilində dialoqa ehtiyac olduğu barədə bəyanatlar verməsinə baxmayaraq, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün hələ heç bir praktik addım atmayıb.
“Bu məsələ ilə bağlı bir çox bəyanat eşidirik. Almaniya da daxil olmaqla, Avropa siyasətçiləri arasında bir çox müzakirə aparılır. Lakin verilən bəyanatların bu ölkələrin faktiki siyasətinə heç bir əməli təsiri yoxdur”, - deyə Dmitri Peskov qeyd edib.
O, həmçinin Rusiyanın dialoqa açıq qaldığını vurğulayıb.
“Rusiya dialoqa açıq qalmağa davam edir. Biz heç vaxt münasibətlərin kəsilməsi təşəbbüsü ilə çıxış etməmişik. Amma təbii ki, dialoqu bərpa edərkən də gələcəkdə qazandığımız təcrübədən həmişə istifadə edəcəyik”, - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib.
