2016-cı ildə Türkiyədə törədilən dövlət çevrilişinə cəhddən 10 il ötür. 15 İyul hadisələrinin 10-cu ildönümü ilə bağlı Türkiyə üzrə geniş anım proqramları təşkil ediləcək.
NTV xəbər verir ki, tədbirlər Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “İradə bizimdir, zəfər bizimdir” şüarı altında keçiriləcək.
Ankara və İstanbulda baş tutacaq əsas tədbirlərlə yanaşı, fotosərgiləri, rəqəmsal təcrübə məkanları, anım yürüşləri, vizual şoular və yaddaş layihələri vasitəsilə xalqın demokratiya uğrunda apardığı mübarizə müxtəlif məkanlarda vətəndaşlarla bölüşüləcək.
Anım tədbirlərinin əsas mərkəzi Ankaradakı Paytaxt Millət Bağı olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil ediləcək və təxminən 20 min nəfərin iştirakının gözlənildiyi proqramda dövlət çevrilişi cəhdinə qarşı xalqın nümayiş etdirdiyi qətiyyət və milli iradəyə sahib çıxmaq əzmi bir daha vurğulanacaq.
Bu çərçivədə “İradə bizimdir, zəfər bizimdir” mövzusunda xüsusi dizaynla hazırlanan 10 qatar bir həftə ərzində ölkənin müxtəlif marşrutları üzrə hərəkət edəcək.
Anım proqramları çərçivəsində təşkil ediləcək “Yaddaş və xatirə: 15 İyul fotosərgisi” iyulun 14-də Esenboğa, İstanbul, Sabiha Gökçən, İzmir Adnan Menderes, Antalya və Qaziantep hava limanlarında ziyarətçiləri qəbul edəcək. Sərgidə xalqın dövlət çevrilişi cəhdinə qarşı göstərdiyi müqaviməti və demokratiya uğrunda mübarizəsini əks etdirən fotolar nümayiş olunacaq.
İstanbulda həyata keçiriləcək yaddaş layihələri də ziyarətçilərə fərqli təcrübələr təqdim edəcək. Şəhərin Üsküdar meydanında “Səssiz şahidlik” instalyasiyası, Üsküdar və Taksim meydanlarında “Xatirə ağacı” interaktiv təcrübə məkanı kimi xüsusi layihələr həyata keçiriləcək.
Paytaxt Ankarada yaradılacaq “İradə bizimdir, zəfər bizimdir” Rəqəmsal Zaman Tuneli iyulun 15–16-da Kızılay meydanında ziyarətə açıq olacaq. Səs, işıq və rəqəmsal texnologiyalar vasitəsilə hazırlanan bu məkan dövlət çevrilişi cəhdinin ilk anlarından milli iradənin qələbəsinə qədər keçilən yolu nümayiş etdirəcək. Bununla yanaşı, Türkiyənin son on ildə müdafiə sənayesi və texnologiya sahəsində əldə etdiyi nailiyyətlər də təqdim olunacaq.
Demokratiya mübarizəsinin rəmzlərindən biri olan İstanbulun 15 İyul Şəhidlər Körpüsü bu il də anım proqramlarının əsas məkanlarından biri olacaq. İyulun 15-də keçiriləcək “Demokratiya və şəhidləri anma yürüşü” təxminən 5 min nəfərin iştirakı ilə şəhərin Zincirlikuyu bölgəsindən başlayaraq 15 İyul Şəhidlər Körpüsündə başa çatacaq.
Axşam saatlarında isə İstanbul boğazı demokratiya dastanını əks etdirən vizual nümayişlərə ev sahibliyi edəcək. Tarixi Qalata qülləsi və Qız qalasında təşkil olunacaq mapping (proyeksiya) şouları rəqəmsal incəsənət vasitəsilə həmin gecə baş verən hadisələri və xalqın birlik ruhunu canlandıracaq.
Xatırladaq ki, anım tədbirləri yalnız Ankara və İstanbulla məhdudlaşmayacaq.
Qeyd edək ki, 15 İyul hadisələrinin 10-cu ildönümü ilə əlaqədar dünyanın 21 ölkəsindən 41 xarici jurnalist Türkiyəyə səfər edib.
