Kosmosda tapılan ilk “əsl şəkər” molekulu həyatın mənşəyinə dair işarələr təqdim edir. NTV xəbər verir ki, “Nature” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, dörd karbon atomuna malik eritruloza Günəş sistemimizdən kənarda müşahidə edilən ən mürəkkəb şəkərdir.
Alimlər bu tapıntını “ekstra şirin” kəşf adlandırıblar. Belə ki, astronomlardan ibarət qrup qalaktikamızın mərkəzinə yaxın qaz və toz buludunun içərisində fırlanan şəkər molekulu aşkar edib. Onlar molekulu - dörd karbon atomu olan eritruloza birləşməsini ulduzlararası fəzada aşkar edilən ilk “əsl şəkər” adlandırırlar. “Nature Astronomy1” jurnalında dərc edilən kəşf Yer kürəsində həyatın necə başladığını aydınlaşdırmağa kömək edə bilər.
Massaçusets Texnologiya İnstitutunun astrokimyaçısı Brett Makquayr deyir: “Bu, inanılmaz dərəcədə həyəcanverici nəticədir. Astronomlar çox uzun müddətdir ki, kosmosda şəkərləri aşkar etməyə çalışırlar. Çünki onlar artıq Yer kürəsində həyat üçün vacib olan şəkərlərin kosmosmənşəli olduğuna dair işarələr görüblər. Məsələn, beş karbona malik şəkər ribozası əvvəllər milyardlarla illik bəzi meteorit nümunələrində tapılmışdı və bu, kosmik süxurların Yerə çırpılaraq bu və ya digər şəkərləri çatdıra biləcəyini göstərirdi.
2000-ci ildə astronomlar ulduzlararası məkanda bəzən ən sadə şəkər molekulu hesab edilən iki karbon molekullu qlikolaldehidin aşkar edildiyini bildiriblər. Makquayr bildirib: “Lakin qlikolaldehid şəkərə bənzər şəkildə təsir göstərə bilsə də, formal olaraq şəkər deyil. Əsl şəkərlərin onurğası ən azı üç karbon atomundan ibarət olmalıdır. Astronomlar o vaxtdan bəri bu daha böyük molekullar üçün kosmik məkanı araşdırmağa davam edirlər.
