ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin mayını milli fiziki sağlamlıq və idman ayı elan edib, bütün məmurları və sakinləri idmanla məşğul olmağa çağırıb.
NTV xəbər verir ki, prezidentin müvafiq müraciəti Ağ Evin saytında yerləşdirilib.
“Mən 2026-cı ilin mayını milli fiziki sağlamlıq və idman ayı elan edirəm. Dövlət qulluqçularını, təhsil işçilərini, idmançıları və bütün vətəndaşları, xüsusən millətimizin gənclərini idman tədbirlərində iştirak etməyə, fiziki fəaliyyətlə məşğul olmağa çağırıram”, - deyə Tramp müraciətində qeyd edib.
Onun sözlərinə görə, idmanla məşğul olmaq millətin gücünün artmasına gətirib çıxara bilər.
Fevral ayında xəstəliklərə nəzarət və profilaktika mərkəzləri ABŞ vətəndaşlarının 40,3 faizinin piylənmədən əziyyət çəkdiyini bildirib. 1990-cı illərin əvvəllərində isə bu göstərici yalnız 22,9 faiz təşkil edirdi. Uşaqlar və yeniyetmələr arasında piylənmədən əziyyət çəkənlərin nisbəti rekord həddə - 21,1 faizə yüksəlib.
