NTV xəbər verir ki, mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 3 məsələnin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ – “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib.
Müzakirə olunan məsələyə deputatlardan Asəf Orucov və Xumar Məmmədova fikirlərini bildirdikdən sonra qanun səsverməyə çıxarılaraq qəbul edilib.
Bəxtiyar Məmmədov qeyd edib ki, növbəti məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsidir.
Hüquq siyasəti komitəsinin sədri qanun layihəsi barədə məlumat verib.
Müzakirə olunan məsələ ilə əlaqədar deputat Rauf Cəfərov çıxış etdikdən sonra qanun səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələ – “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin birinci oxunuşda müzakirəsi olub. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, qanun layihəsi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq hazırlanıb və Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.
Komitə sədri Əjdər Əliyev layihə barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı deputat Rafiq Novruzov çıxış edərək münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Ali Məclisin iclası başa çatıb.
