Sentyabr ayında Bakı Metropolitenindən 14 milyondan çox sərnişin istifadə edib.
“Bakı Metropoliteni” QSC-dən NTV-yə bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından ayın sonunadək ümumilikdə 120 min 336 sərnişin istifadə edib.
Ay ərzində ən çox sərnişin “28 May” stansiyasında qeydə alınıb. Bu stansiyanın xidmətlərindən 1 milyon 474 min 403 sərnişin yararlanıb. Sentyabrın 21-i isə 638 min 613 sərnişinlə ayın ən çox sərnişin daşınan günü olub.
Formula 1 yarışlarının keçirildiyi günlərdə də metropolitendən istifadə intensivliyi artıb. Belə ki, adi günlərlə müqayisədə “İçərişəhər” stansiyasından təxminən 12 min, “28 May” stansiyasından isə 13 minədək daha çox sərnişin istifadə edib.
Sentyabr ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 7 milyon 662 min 936 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 54,42 faizini təşkil edib. NFC və QR ödənişlərinin payı avqust ayı ilə müqayisədə 1 faiz artıb.
Sentyabrda “Əlçatan metro” xidmətindən 112 sərnişin yararlanıb. Bu, avqust ayı ilə müqayisədə 41,77 faiz çoxdur.
