Pakistanın daxili işlər naziri Möhsin Nəqvi cümə axşamı günü İrandan gərginliyin azaldılması səylərində irəliləyiş gözlədiyini bildirib.
NTV Pakistan mediasına istinadla xəbər verir ki, bu ölkənin Daxili İşlər Nazirliyinin “X” sosial media platformasında verdiyi məlumata görə, Nəqvinin bu sözləri İslamabadda ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beyker ilə görüş əsnasında səsləndirilib.
Tərəflər regional vəziyyəti və İslamabad danışıqlarının çoxdan gözlənilən ikinci raundu üçün həyata keçirilən diplomatik səyləri müzakirə ediblər.
Nəqvi bildirib ki, ABŞ Prezidenti Donald Trampın atəşkəsin müddətini uzatması gərginliyin azaldılması istiqamətində “müsbət inkişafdır”. O əlavə edib: “Biz, həmçinin İran tərəfindən irəliləyiş gözləyirik”.
Pakistanın naziri vurğulayıb ki, Baş nazir Şahbaz Şərif və ordu rəisi feldmarşal Asim Munir davamlı bir həll yoluna çatmaq üçün bütün səyləri göstərirlər. O deyib: “Ümidvarıq ki, bütün tərəflər diplomatiyaya və dinc həll yoluna şans verəcəklər”.
Pakistan aprelin 8-də münaqişə tərəfləri arasında atəşkəs razılaşmasını əldə edib, ardınca aprelin 11-də İslamabadda hər iki tərəfin yüksəkvəzifəli nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb, lakin heç bir razılıq əldə olunmayıb. Bu həftə Pakistanın paytaxtında danışıqların ikinci raundunun baş tutacağı gözlənilir.
Çərşənbə axşamı Donald Tramp Pakistan rəsmilərinin xahişindən sonra Tehrana “vahid təklif” hazırlamaq üçün vaxt vermək məqsədilə ikihəftəlik atəşkəsin müddətini uzadıb. O, çərşənbə günü Pakistanın vasitəçiliyi ilə İranla danışıqların “36-72 saat ərzində mümkün” olacağını iddia edib.
