Yaponiya ilə Çin arasında Tayvan məsələsi ilə bağlı davam edən gərginlik fonunda analitiklər xəbərdarlıq edirlər ki, rəsmi Tokionun strateji neft ehtiyatlarından istifadə etmək qərarı ölkənin iqtisadi həssaslığını üzə çıxaracaq.
NTV xəbər verir ki, Tokio martın 16-dan başlayaraq ümumilikdə 80 milyon barel nefti ehtiyatlarından bazara çıxarmağı planlaşdırdığını açıqlayıb. Bu, Yaponiyanın milli neft ehtiyatlarından ilk dəfə müstəqil şəkildə istifadə etməsi olacaq. “South China Morning Post” qəzetinin yazdığına görə, qərar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) koordinasiya olunmuş cavab tədbiri ərəfəsində qəbul edilib. Agentliyə daxil olan iri neft istehlakçıları rekord həcmdə – 400 milyon barel neft ehtiyatlarından bazara çıxarılması barədə razılığa gəliblər.
Analitiklərin fikrincə, Tokionun bu təşəbbüsünün səbəblərindən biri də odur ki, ölkə AEBA-nın koordinasiya olunmuş qərarını gözləməyə risk etmirdi. Belə gözlənti daxili yanacaq qiymətlərinin kəskin artmasına gətirib çıxara, nəticədə isə tələbatın azalmasına və korporasiyaların gəlirlərinə mənfi təsir göstərə bilərdi.
“Economist Intelligence Unit” təşkilatının Çin üzrə baş iqtisadçısı Syu Tyençenin sözlərinə görə, Tokiodakı vəziyyətin təcili xarakter daşıması Yaponiyanın “neftin tədarükündə Hörmüz boğazından ən çox asılı olan ölkə” olmasını göstərir.
Tokionun qərarı Yaxın Şərqdə uzanan münaqişə fonunda qəbul olunub. Belə ki, Hörmüz boğazının faktiki bağlanması artıq ikinci həftədir davam edir. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, ölkə idxal etdiyi neftin 90 faizdən çoxunu məhz bu regiondan alır. Buna görə də həmin ticarət marşrutu Yaponiya üçün həyati əhəmiyyətli dar keçid hesab olunur.
Yaponiyanın bu iqtisadi həssaslığı enerji bazarlarından kənarda da mənfi nəticələrə səbəb ola bilər. Noyabr ayında Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı bəyanatlarından sonra Tokio ilə Pekin arasında münasibətlər pisləşib. Bundan sonra Pekin strateji materiallar və ikili təyinatlı məhsullar üzrə bir sıra ixrac məhdudiyyətləri tətbiq edib. Bu məhdudiyyətlər Yaponiyanın bəzi şirkətlərinə təsir göstərib və ikitərəfli münasibətləri son illərin ən aşağı səviyyəsinə endirib.
Cənubi Çin Texnologiya Universitetinin Dövlət Siyasəti İnstitutunun dosenti Syu Veytszyun bildirib ki, əvvəllər Yaponiya Çinin məhdudiyyətlərinin təsirini anbar ehtiyatları, alternativ tədarük mənbələri, dövlət subsidiyaları və şirkət mənfəətləri hesabına qismən kompensasiya edə bilirdi. Lakin İran ətrafındakı mövcud münaqişə bu ehtiyat buferini zəiflədəcək və Pekinin Tokioya mövcud iqtisadi təzyiqini gücləndirəcək.
Analitiklərin fikrincə, Çin Yaponiya ilə müqayisədə uzunmüddətli qiymət dalğalanmalarına qarşı daha hazırlıqlı ola bilər. Çünki neft və mayeləşdirilmiş təbii qaz (LNG) ölkənin enerji balansında daha az paya malikdir. Qlobal LNG tədarükünün böyük hissəsi də Hörmüz boğazından keçsə də, Çində elektrik enerjisi istehsalında kömür və bərpa olunan enerji mənbələri hələ də üstünlük təşkil edir ki, bu da qiymət dəyişmələrinə qarşı potensial bufer rolunu oynayır.
