Çin ABŞ-nin 16 iqtisadiyyatı hədəf alan ticarət araşdırmasının beynəlxalq iqtisadi və ticarət qaydalarını ciddi şəkildə pozan tipik birtərəfli hərəkət hesab edir.
NTV xəbər verir ki, Çinin Kommersiya Nazirliyi ABŞ Ticarət Nümayəndəsi Ofisinin bu yaxınlarda Çin də daxil olmaqla 16 iqtisadiyyata "həddindən artıq istehsal" səbəbi ilə araşdırma başladacağını elan etməsinə cavab verib.
Rəsmi Pekin Birləşmiş Ştatları səhv yanaşmasını düzəltməyə, məsələləri dialoq və məsləhətləşmə yolu ilə həll etmək üçün düzgün yola qayıtmağa çağırıb. Açıqlamada deyilir ki, Dünya Ticarət Təşkilatının (DTT) ekspert paneli uzun müddətdir 301-ci maddə üzrə araşdırma əsasında tətbiq edilən tariflərin təşkilatın qaydalarını pozduğuna qərar verib.
Kommersiya Nazirliyi ABŞ-nin "həddindən artıq istehsal" və ya “istehlakdan artıq istehsal” arqumentinə cavab olaraq bildirib ki, dünya iqtisadiyyatı uzun müddətdir inteqrasiyalı bir struktur olaraq, həm istehsal, həm də istehlak qlobal xarakter daşıyır, qlobal təklif-tələb uyğunluğu və tənzimlənməsi tələb edir. Əgər hər bir ölkənin istehsalı yalnız daxili tələbatı ödəyə bilsəydi, ölkələrarası ticarət olmazdı.
Qeyd edək ki, ABŞ 1974-cü ilin "Ticarət haqqında" Qanununun 301-ci maddəsi çərçivəsində 16 iqtisadiyyata qarşı “həddindən artıq istehsal” ittihamı ilə araşdırma başladıb. ABŞ ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Birləşmiş Ştatların bir çox ticarət tərəfdaşları daxildə istehlak edə biləcəklərindən daha çox mal istehsal edir. Bu cür həddindən artıq istehsal ABŞ-də daxili istehsalı pozur və Amerika sənayesinə investisiya qoyuluşuna mane olur. Araşdırma Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika, İndoneziya, Vyetnam, Banqladeş, Kamboca, Malayziya, Norveç, Sinqapur, Tailand, İsveçrə və Tayvanı əhatə edəcək.
ABŞ bundan başqa, Çin də daxil olmaqla 60-a yaxın dövlətdə məcburi əməkdən istifadə edilməklə istehsal olunmuş malların idxalı ilə bağlı qüvvədə olan normalara dair ticarət araşdırmalarına başlayıb.
