Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bölgədəki vəziyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə müzakirə edib.
NTV xəbər verir ki, U.Lyayen bu barədə X platformasındakı səhifəsində etdiyi paylaşımda regiondakı qeyri-sabitliyin hər iki tərəfə ciddi təsir etdiyini bildirib, buna görə də sıx koordinasiyanın vacibliyini qeyd edib. O, gün ərzində vəziyyətin qiymətləndirilməsi və gərginliyin azaldılması yollarını müzakirə etmək üçün əsas regional tərəfdaşlarla müzakirələrin aparıldığını vurğulayıb.
Türkiyənin vasitəçilik etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə hazır olmasını alqışladığını ifadə edən Avropa Komissiyasının Prezidenti qeyd edib: “Biz razıyıq ki, irəliyə doğru yeganə real yol diplomatiyadır. Həmçinin Prezidentin (Rəcəb Tayyib Ərdoğan) bu böhranın miqrasiya sahəsinə mümkün təsirlərinə qarşı hazırlıq tədbirlərini yüksək qiymətləndirirəm. Biz artıq Suriya məsələsində sıx əməkdaşlıq edirik. Regional və qlobal sabitlik təhlükə altındadır və biz bunun tam fərqindəyik”.
Qeyd edək ki, U.Lyayen gün ərzində İordaniya, Qətə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Küveytin liderləri ilə də bölgədəki vəziyyətə dair telefon söhbəti aparıb.
