satellite   Azerspace-1: 11135 H 30000

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilir.

NTV  xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin oktyabrın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihənin əsas məqsədi balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyinin və fasiləsizliyinin təmin edilməsi, habelə aqrar sektor üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyinin risk əsaslı yanaşmaya və konkret, ölçüləbilən kəmiyyət meyarlarına keçirilməsidir.

Mövcud redaksiyada qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu nəzarətin ilkin mərhələsini təşkil edən balıqçılıq fəaliyyəti birbaşa əhatə olunmur. Təklif olunan əlavə qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır. Balıqçılıq sahəsində hüquq pozuntuları (qanunsuz ovlanma, kvota pozuntuları) qısa müddətdə baş verdiyindən və nəticələri sürətlə genişləndiyindən, bu sahədə çevik nəzarət imkanının təmin edilməsi ekoloji tarazlığın, biomüxtəlifliyin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının qorunması baxımından zəruridir.

Yeni redaksiyaya əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı ƏMTQ öhdəliyi aşağıdakı hədlər əsasında müəyyən edilir:

- heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu min baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

- quşçuluq müəssisələri üçün 40 min baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);

- balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.

Aqroparklar isə göstərilən fəaliyyət növləri üzrə müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ-yə cəlb olunur.

Layihədə tətbiq olunan yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Heyvandarlıq üzrə hədlər beynəlxalq səviyyədə qəbul edilmiş "Şərti Heyvan Vahidi" metodologiyasına uyğun müəyyən edilib. Bu metodologiya FAO-nun və Dünya Bankının ekoloji qiymətləndirmə sənədlərində tövsiyə olunur. Quşçuluq üzrə 40 min baş həddi Avropa İttifaqının Sənaye Emissiyaları Direktivində intensiv quşçuluq üçün müəyyən edilmiş limitə tam uyğundur. Balıqçılıq və akvakultura üzrə miqyasdan asılı diferensial yanaşma Aİ-nin ƏMTQ Direktivinin, habelə Türkiyə (illik 1000 ton həddi), Norveç və Danimarka təcrübəsinin analoqudur.

Dəyişikliklərin qəbulu nəticəsində aqrar sahədə ƏMTQ-nin tətbiqi üzrə hüquqi müəyyənlik təmin olunacaq, subyektiv qiymətləndirmə aradan qalxacaq və inzibati orqanların qərarları proqnozlaşdırıla bilən olacaq. Kiçik və orta təsərrüfatlar əsassız inzibati və maliyyə yükündən azad ediləcək, dövlətin nəzarət resursları real ekoloji risk yaradan iri istehsal komplekslərinə yönəldiləcək. Balıqçılıq sahəsində isə çevik nəzarət mexanizminin tətbiqi ekoloji, iqtisadi və ərzaq təhlükəsizliyi maraqlarının qorunmasını, bazarda sağlam rəqabət mühitinin formalaşmasını və beynəlxalq standartlara uyğun istehsalın təşviqini təmin edəcək. Bütövlükdə layihə sahibkarlıq fəaliyyətinə dövlət müdaxiləsinin minimallaşdırılması prinsipi ilə strateji əhəmiyyətli sahələrdə səmərəli nəzarətin təmin edilməsi arasında optimal hüquqi balans yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM