Oktyabrın 13-ü Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günüdür.
NTV xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) insanları fəlakət risklərinin azaldılması sahəsində əldə etdikləri bilik və təcrübələri bölüşməyə çağırır.
Bu gün ilk dəfə BMT-nin Baş Assambleyasının 1989-cu il dekabrın 22-də qəbul olunan qətnaməsinə əsasən, 1990–1999-cu illəri əhatə edən Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Onillik çərçivəsində Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Gün adı ilə qeyd olunub.
1999-cu ildə BMT-nin Baş Assambleyası bu tarixin hər il oktyabr ayının ikinci çərşənbə günü Təbii Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Gün kimi qeyd edilməsinə dair qərar verib.
2009-cu il dekabrın 21-də BMT-nin Baş Assambleyası oktyabrın 13-nü bu günün qeyd olunması tarixi kimi elan edib və onun adını Beynəlxalq Fəlakət Risklərinin Azaldılması Günü olaraq dəyişdirib. 2018-ci ildə isə günün adı yenidən dəyişdirilərək Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü müəyyən edilib.
Fəlakət Risklərinin Azaldılması üzrə Beynəlxalq Strategiyanın əsas məqsədlərindən biri geniş ictimaiyyəti fəlakətlərin qarşısının alınmasının əhəmiyyəti barədə məlumatlandırmaq, habelə təbii, ekoloji və texnogen fəlakətlərə məruzqalma ehtimalı yüksək olan əhali qrupları və icmalar arasında maarifləndirmə işləri aparmaqdır. Bu işlər təhlükələrin fəlakətlərə çevrilməsinin qarşısını almaq üçün mövcud vasitələr haqqında məlumatların yayılmasını da əhatə edir.
Zəlzələlər, siklonlar, vulkan püskürmələri, daşqınlar və quraqlıqlar nəticəsində zərər çəkən insanların sayı sürətlə artır və on minlərlə insanı əhatə edir. Təkcə 2021-ci ildə dünyada təhlükəli təbiət hadisələri ilə əlaqədar 432 fəlakət baş verib. BMT-nin qiymətləndirmələrinə görə, 2030-cu ilədək dünyada hər il təxminən 560 təbii fəlakət baş verə bilər.
Son 20 ildə qeydə alınmış quraqlıqların sayı isə 29 faiz artıb.
Təbii fəlakətlər insan tələfatına, dağıntılara, ilk növbədə yerli səviyyədə sosial və iqtisadi sarsıntılara səbəb olur. Hər il milyonlarla insan təbii fəlakətlər nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalır. Təbii fəlakətlər nəticəsində orta hesabla gündə 184 nəfər həyatını itirir.
Proqnozlara görə, urbanizasiya və iqlim dəyişmələri səbəbindən planetdə fəlakət qurbanlarının sayı artacaq. Təbii fəlakətlər ölkələri dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün nəzərdə tutulmuş proqramlara ayrılan vəsaitləri azaltmağa məcbur edir.
Qeyd edək ki, bir çox təbii fəlakət iqlim dəyişmələri ilə əlaqədardır. Lakin dövlətlər fəlakətlərin yaranma səbəblərini təhlil etmək və aradan qaldırmaq istiqamətində qabaqlayıcı, sistemli tədbirlər görməklə milyonlarla insanın həyatını xilas edə bilər. Yerli səviyyədə potensialın gücləndirilməsi təxirəsalınmaz zərurətdir. 2015-ci ildə qəbul edilmiş Fəlakət Risklərinin Azaldılması üzrə Senday Çərçivə Proqramı insan fəaliyyəti nəticəsində yaranan fəlakətlər də daxil olmaqla, istənilən xarakterli və miqyaslı fəlakətlərin təsirlərini azaltmaq üçün konkret yollar müəyyən edir.
BMT Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Gününün mövzusunu hər il müəyyənləşdirir. Mövzuların əsas məqsədi fəlakət risklərinin azaldılmasının əhəmiyyətini vurğulamaq, cəmiyyətin hazırlıq səviyyəsini yüksəltmək və daha təhlükəsiz, dayanıqlı gələcəyin qurulmasına töhfə verməkdir. Bu il təqvim günü “Dayanıqlılıq evdən başlayır” devizi altında qeyd olunur.
