Səudiyyə Ərəbistanının “əl-Cəzirə” portalında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib.
NTV xəbər verir ki, məqalədə Zəfər Gününün Azərbaycanın müasir tarixində əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın təxminən 30 illik işğalına son qoyub. Həmin il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi olub. 2023-cü ilin sentyabrında isə Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa edib. Tarixi Zəfərin əsasını xalqın milli birliyi, dövlətin ardıcıl siyasəti, iqtisadi potensialı və Silahlı Qüvvələrin gücü təşkil edib. Məqalədə vurğulanır ki, güclü iqtisadiyyat, müstəqil siyasət, müasir ordu quruculuğu, xalqla rəhbərlik arasında birlik Qələbəni təmin edən başlıca amillər olub.
Yazıda diqqətə çatdırılır ki, Zəfərdən sonra Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsinə başlayıb. Son altı ildə Qarabağ və Şərqi Zəngəzur geniş tikinti və yenidənqurma mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. Hazırda azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alan insanların ümumi sayı 100 minə yaxınlaşıb.
Məqalədə, həmçinin işğaldan azad edilmiş ərazilərdə əsas humanitar problemlərdən biri olan mina və partlamamış hərbi sursat təhlükəsinə toxunulub. Qeyd olunub ki, ilkin qiymətləndirmələrə görə, həmin ərazilərdə azı 1,5 milyon mina mövcuddur. Bu təhlükə həm insanların həyatına, həm də bərpa və quruculuq layihələrinin həyata keçirilməsinə ciddi maneə yaradır. Eyni zamanda, yazıda Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə uzun illər ərzində verdiyi dəstək xüsusi vurğulanıb. Bildirilib ki, Krallıq ikitərəfli münasibətlərdə, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib.
Bununla yanaşı, məqalədə bildirilib ki, Kral Salman Humanitar Yardım Mərkəzi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin aradan qaldırılmasına dəstək məqsədilə 3 milyon dollar vəsait ayırıb. Bu təşəbbüs Azərbaycan-Səudiyyə Ərəbistanı dostluğunun və humanitar əməkdaşlığının mühüm nümunəsi kimi qiymətləndirilir.
Məqalədə qeyd olunur ki, 8 Noyabr Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin və birliyinin rəmzi olmaqla yanaşı, gələcək nəsillər üçün Vətənə sevgi, sədaqət və fədakarlıq nümunəsidir.
