Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində palçıq vulkanlarının fəaliyyətinin daha dərindən öyrənilməsi, onların dinamikasının izlənilməsi və seysmik proseslərlə əlaqəsinin müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.
NTV xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən respublika elmi konfransında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qrant layihəsi çərçivəsində palçıq vulkanlarının ətrafında yeni seysmik stansiyalar quraşdırılıb. Bu stansiyalar vulkanların fəaliyyətini müşahidə etməyə, yerin daxilində baş verən prosesləri izləməyə və indiyədək kifayət qədər öyrənilməmiş parametrlər haqqında məlumat əldə etməyə imkan verir.
` Q.Yetirmişli qeyd edib ki, palçıq vulkanlarının fəaliyyəti ilə seysmik proseslər arasında əlaqə mövcuddur. Yer qabığında sıxılma və genişlənmə prosesləri, süxurlarda baş verən dəyişikliklər və qazların hərəkəti vulkanların aktivləşməsinə təsir göstərə bilər. Eyni zamanda, vulkan püskürmələrindən sonra bəzi aktiv qırılma zonalarında seysmik hadisələr müşahidə oluna bilər.
O bildirib ki, yeni stansiyalar vasitəsilə qeydə alınan məlumatlar əsasında vulkanlarda baş verən proseslərin vaxtını, davametmə müddətini, dərinliyini, yayılma arealını və müxtəlif fazalarını araşdırmaq mümkündür. Tədqiqatlar zamanı həmin proseslərin neft-qaz amilləri ilə mümkün əlaqəsi də öyrənilir.
Baş direktor vurğulayıb ki, bu istiqamətdə Geologiya İnstitutu ilə uzun illərdir elmi əməkdaşlıq davam etdirilir. Geoloqların palçıq vulkanlarının quruluşu və fəaliyyəti ilə bağlı apardıqları tədqiqatlar yeni seysmik müşahidələrin nəticələri ilə tamamlanır. Alınan məlumatlar əsasında müxtəlif modellər qurulur, vulkanların yaratdığı seysmik siqnalların xüsusiyyətləri təhlil edilir. Tədqiqatlar yalnız palçıq vulkanları ilə məhdudlaşmır. Xəzər dənizinin seysmik xüsusiyyətlərinin öyrənilməsi, dənizdəki zəlzələ ocaqlarının dərinliyə görə modelləşdirilməsi və neft-qaz yataqlarında baş verən proseslərin araşdırılması da mühüm istiqamətlərdəndir.
O qeyd edib ki, Xəzər dənizi seysmik baxımdan aktiv ərazilərdən biridir. 2000-ci il noyabrın 25-də baş vermiş zəlzələ Bakı və ətraf ərazilərdə güclü hiss olunub. Bu cür hadisələrin daha dərindən öyrənilməsi üçün seysmik ocaqların yerləşdiyi sahələrin və yerin müxtəlif dərinliklərindəki geoloji quruluşun modelləşdirilməsi vacibdir. Baş direktor əlavə edib ki, neft yataqlarında passiv seysmik müşahidə üsullarından istifadə etməklə quyulara vurulan mayelərin süxurlara təsirini və mayelərin hərəkət istiqamətlərini müəyyənləşdirmək mümkündür. Bu istiqamətdə xarici elmi müəssisələrlə birgə qrant layihələri çərçivəsində tədqiqatlar aparılıb.
