Amerika Birləşmiş Ştatlarında (ABŞ) aparılan yeni araşdırma zamanı təhsil müəssisələrində qapalı yerdəki havanın keyfiyyətinin yaxşılaşdırılması üçün sadə və əlçatan üsulun daha effektiv olmasına diqqət yönəldilib.
NTV xəbər verir ki, Amerika Kimya Cəmiyyətinin apardığı araşdırma barədə məlumat “ES&T Air” jurnalında dərc olunub.
Bildirilib ki, “Corsi-Rosenthal qutuları” kimi tanınan “özün hazırla” hava filtrlərinin universitet otaqlarında effektivliyi qiymətləndirilib.
Tədqiqat zamanı qutu ventilyatoru, dörd yüksəkkeyfiyyətli hava filtri, karton və yapışqan lentdən hazırlanan iki hava təmizləyici 14-30 tələbənin iştirak etdiyi 59 dərs zamanı sınaqdan keçirilib. Nəticələr göstərib ki, cihazlar dərsin sonuna qədər havadakı ultra incə, incə və iri hissəciklərin konsentrasiyasını orta hesabla 61 faiz azaldıb.
Araşdırmaya əsasən, qurğular 46-55 desibel səviyyəsində səs-küy yaradıb ki, bu da tipik ofis mühitindəki səsin səviyyəsinə uyğundur. Həmçinin havanın otaqda bərabər yayıldığı və otağın müxtəlif hissələrində hissəciklərin oxşar sürətlə təmizləndiyi müəyyənləşdirilib.
Tədqiqatın müəllifi Misti Zamora bildirib ki, “Corsi-Rosenthal qutuları” tədris prosesini pozmadan qapalı havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitədir.
Qeyd olunub ki, kommersiya tipli portativ hava təmizləyiciləri daha baha başa gəlir. Araşdırma müəlliflərinin hesablamalarına görə, eyni miqdarda təmiz hava təmin etmək üçün kommersiya qurğuları DIY filtrlərindən 5-10 dəfə baha ola bilər.
Mütəxəssislər bildiriblər ki, yaxşı ventilyasiya olunmayan otaqlarda tənəffüs aerozolları, toz, kif sporları və polen kimi hissəciklərin toplanması qapalı hava keyfiyyətinə mənfi təsir göstərə bilər.
Tədqiqatçılar hesab edirlər ki, “Corsi-Rosenthal qutuları”, xüsusilə orta məktəblər üçün havanı təmizləmək üçün daha əlçatan həll yolu ola bilər.
