Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib - YENİLƏNİB
NTV xəbər verir ki, mayın 30-da Heydər Əliyev Sarayında Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar Ulu Öndərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunmuş sərgi zonaları və stendlərlə tanışlıq olub. Burada “Şərq qapısı” qəzeti, Naxçıvan televiziyası (NTV), Naxçıvan Dövlət Universiteti və “Məktəbli” qəzeti stendlərində Naxçıvan mediasının fəaliyyəti, tarixi, müasir media məhsulları və gənc jurnalistlərin fəaliyyətlərinə dair materiallar nümayiş etdirilib. Həmçinin tədbirdə “Kapital Bank”, “PAŞA Həyat Sığorta”, “Sirab” ASC və “Ləzzət” Şirkətlər Qrupu kimi sponsorların stendləri də öz yerini alıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər konfrans iştirakçıları gənc jurnalistlərin təqdim etdiyi arzular lövhəsinə xoş diləklərini qeyd ediblər.
Naxçıvan televiziyasının stendinə baxış zamanı televiziyanın "Azerspace-1" peyki üzərindən rəsmi yayımı həyata keçirilib.
MEDİAFEST iştirakçıları xatirə fotoları çəkdiriblər.
