Azərbaycanın Pakistandakı səfirliyinin təşəbbüsü, Pakistanın ən nüfuzlu universitetlərindən olan Müasir Dillər Universiteti (NUML) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Şəhərlərin yenidən təsəvvürü: Pakistan–Azərbaycan arasında şəhərsalma və davamlı inkişaf üzrə dialoq” adlı konfrans keçirilib.
Səfirlikdən NTV-yə bildiriblər ki, universitet rəhbərliyinin, akademik heyət üzvlərinin, diplomatların və tələbələrin iştirak etdikləri tədbirdə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Səfir Xəzər Fərhadov Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu vurğulayaraq, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisi olduğunu qeyd edib.
Diplomat çıxışında mənzil anlayışının dayanıqlı inkişafın əsas sütunlarından biri olduğunu bildirərək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının, eləcə də Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının postmünaqişə dövründə bərpa prosesinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. O, bu təcrübənin təbii fəlakətlərdən zərər çəkmiş ərazilərin bərpasında, xüsusilə qardaş Pakistan üçün də faydalı ola biləcəyini vurğulayıb.
X.Fərhadov Azərbaycan ilə Pakistan arasında mövcud olan qardaşlıq münasibətlərinin şəhərsalma və davamlı inkişaf sahəsində əməkdaşlıqla daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Universitetin dosentləri Xenia Hamayun Sanik və Aijaz Mustafa Haşmi şəhərsalma prosesində ətraf mühitin qorunması və yaşıllaşdırmanın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə COP29 çərçivəsində Azərbaycanın fəaliyyətini xüsusi qeyd ediblər.
Məruzəçilər, həmçinin Bakı şəhərində və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin müasir və dayanıqlı şəhərsalma yanaşmasının bariz nümunəsi olduğunu bildiriblər.
Sonda Ümumdünya Şəhərsalma Forumu və Azərbaycan – Pakistan əlaqələrinə dair iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.
