Qazaxıstan və Estoniya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta Dəhliz) boyunca Estoniyadan keçən nəqliyyatın potensialından istifadə perspektivlərini müzakirə ediblər.
NTV Qazaxıstan Dəmir Yoluna istinadla xəbər verir ki, məsələ “Qazaxıstan Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov və “Eesti Raudtee” (Estoniya Dəmir Yolları) şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Kaido Zimmermann arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, bu marşrut Avropa bazarlarına ixrac marşrutlarının şaxələndirilməsi üçün vacib hala gəlir. Əsas diqqət Mərkəzi Asiya və Avropa arasında yük axınlarını optimallaşdırmaq üçün nəqliyyat şəbəkələrinin inteqrasiyasına yönəlib. Görüşdə qeyd edilib: “Estoniya limanlarının iştirakı və onların imkanlarının nəqliyyat dəhlizlərimizə inteqrasiyası yük daşımalarında əlavə artım təmin edə və bütün bazar iştirakçıları üçün logistika həllərinin rəqabət qabiliyyətini artıra bilər”.
2025-ci ilin sonuna qədər Qazaxıstan ilə Estoniya arasında dəmir yolu nəqliyyatının həcmi 2,1 dəfə artaraq 382,400 tona çatıb. İxrac 2,6 dəfə artaraq 313.700 tona, idxal isə 30,2% artımla 29.700 tona çatıb.
Danışıqlardan sonra tərəflər tərəfdaşlığı daha da gücləndirmək və yüklərin çatdırılmasını sürətləndirmək üçün yeni texnoloji həllərin hərtərəfli araşdırılması öhdəliklərini təsdiqləyiblər.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.
