Azərbaycan müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastrukturu beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib.
NTV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, "Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum" "Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması" səviyyəsinin qiymətləndirilməsi üzrə yekun hesabatı təsdiq edib. Hesabatda Azərbaycanın yüksək nəticə əldə etdiyi öz əksini tapıb. Bu nəticə ölkəmizin beynəlxalq səviyyədə ən müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastruktura malik olduğunu bir daha sübut edir.
Qlobal Forum üzv ölkələrdə məxfilik və konfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraq qiymətləndirir. Azərbaycanda müvafiq sahədə vəziyyətin yoxlanılması məqsədilə ötən ilin fevralında təşkilatın qiymətləndiricilərinin ölkəmizə səfəri baş tutub. Qiymətləndirmə prosesi zamanı informasiya təhlükəsizliyi və konfidensiallığın təmin olunması istiqamətində görülmüş tədbirləri, daxili prosedurların beynəlxalq standartlara uyğunluğunu, həmçinin "Təhlükəsizlik Əməliyyatları Mərkəzi"nin (SOC) fəaliyyətini ekspertlər ətraflı şəkildə nəzərdən keçirib. Məlumatların kiber müdaxilələrdən 24/7 rejimində qorunması və rəqəmsal ekosistemin dayanıqlığı baxımından SOC-un fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.
Azərbaycan 26 fevral 2013-cü il tarixində Qlobal Foruma üzv olmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb.
Aparılmış qiymətləndirmənin nəticələri ölkəmizdə vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı, təhlükəsiz və yüksək kiber toxunulmazlığa malik sistemin formalaşdırıldığını bir daha təsdiq edir. Bu, həmçinin beynəlxalq öhdəliklərin icrası, tərəfdaş yurisdiksiyalarla qarşılıqlı etimadın möhkəmləndirilməsi və rəqəmsal məlumatların toxunulmazlığını təmin edən beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyətin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan bundan sonra da vergi məqsədləri üçün şəffaflıq, qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi və konfidensiallığın qorunması istiqamətində beynəlxalq standartların tətbiqini ardıcıl şəkildə davam etdirəcək.
