Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib.
NTV xəbər verir ki, dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
O bildirib ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur:
"Çünki burada bütün amillər birləşir. Həm tarixi əlaqələr, həm mədəni əlaqələrimiz, həm siyasi maraqlarımız, təhlükəsizliklə bağlı olan məsələlər, enerji, nəqliyyat, insanlar arasındakı əlaqələr. Yəni Türkiyə-Azərbaycan bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə".
İlham Əliyev deyib ki, 2021-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi münasibətlərin zirvəsi, tacıdır:
"Biz, əslində, ondan əvvəl də müttəfiq idik, amma bu Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq etdi. Artıq o gündən demək olar ki, 5 ildən çox bir vaxt keçir və hər il, hər ay bizim birliyimiz daha da güclənir və dünyadakı apardığımız rol daha da möhkəmlənir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn üstünlüyünü qəbul edir:
"Bu gün dünyada beynəlxalq hüquqdan başqa bir mexanizm yoxdur. Ancaq o da həqiqətdir ki, beynəlxalq hüquq bir çox hallarda pozulur və "kim güclüdür o da haqlıdır" prinsipi üstünlük təşkil edir. Buna qarşı təkbaşına mübarizə aparmaq çox çətindir. Ona görə bizim təşkilatdakı ab-hava, mövqe, təşkilata üzv ölkələrin mövqeyi beynəlxalq hüququn normalarının ali prinsiplər kimi bütün dünya tərəfindən qəbul edilməsi çox önəmlidir. Əminəm ki, siz bu gün bu barədə də danışacaqsınız".
