Vaterlu Universitetinin tədqiqatçıları M-zülal üzrə həssas qan analizi vasitəsilə mielomanın diaqnostikası və monitorinqi üçün yeni metod hazırlayıblar. Bu üsul invaziv sümük iliyi biopsiyasından imtina etməyə imkan verir. NTV xəbər verir ki, tədqiqatın preprinti universitetin rəsmi saytında dərc olunub.
Mieloma sümük iliyini zədələyən onkoloji xəstəlik formasıdır. Standart tibbi praktikada diaqnozun təsdiqi və müalicəyə nəzarət məqsədilə pasiyentlərdə mütəmadi olaraq biopsiya aparılır, yəni, iynə vasitəsilə sümük toxumasından nümunə götürülür. Prosedur ağrılı hesab olunur və xüsusilə yaşlı pasiyentlər üçün müəyyən risklərə səbəb ola bilir.
Yeni yanaşma qanda mielomanın biomarkeri hesab edilən M-zülalın aşkar edilməsinə əsaslanır. Bunun üçün qan nümunəsində həmin zülalın mövcudluğunu və konsentrasiyasını müəyyən etməyə imkan verən “EasyM” testi hazırlanıb.
Texnologiyanın əsas elementi sıfırdan zülal ardıcıllığının müəyyənləşdirilməsi üsulunun tətbiqi olub. Bu, zülalın amin turşusu ardıcıllığını bərpa etməyə imkan verən hesablama analizidir.
Alimlərin bildirdiyinə görə, bu, mühüm əhəmiyyət kəsb edir, çünki hər bir pasiyentdə M-zülalın strukturu özünəməxsus olur. Bu isə onu qandakı digər zülallardan fərqləndirməyə və xəstəliyin fərdi göstəricisi kimi istifadə etməyə imkan verir. Yanaşmanın digər üstünlüyü ondan ibarətdir ki, M-zülal qan dövranı vasitəsilə bütün orqanizm üzrə yayılır. Biopsiyadan fərqli olaraq, analizin nəticəsi nümunənin sümük iliyinin hansı hissəsindən götürülməsindən asılı olmur.
Tədqiqatçılar qeyd edirlər ki, belə analiz xəstəliyin residiv əlamətlərini ənənəvi üsullardan daha tez — klinik təsdiqdən bir neçə ay əvvəl aşkar edə bilir. Bu, metodun yüksək həssaslığı və invaziv prosedurlarla müqayisədə testin daha tez-tez aparılmasının mümkünlüyü ilə bağlıdır.
Müəlliflər bildirirlər ki, metod artıq Kanadanın Ontario əyalətinin klinikalarında tətbiq edilmək üçün icazə alıb. Bununla yanaşı, onun daha geniş klinik şəraitdə effektivliyinin qiymətləndirilməsi üçün əlavə tədqiqatların zəruri olduğu vurğulanır.
